BMT-nin Baş katibi Antonio Quterreş Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb. Söhbət zamanı Baş katib BMT-nin üzv ölkələrin regional sabitliyi qorumaq üçün beynəlxalq hüquqa riayət etməsi və gərginliyi azaltması zərurəti ilə bağlı mövqeyini təsdiqləyib.
Son olaraq jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın xalqa müraciəti zamanı Venesuelaya qarşı tammiqyaslı hərbi müdaxilənin başladığını elan edə biləcəyi ilə bağlı məlumat yaymışdı.
Maraqlıdır, Maduroya olan çağırışlar effekt verəcəkmi? Trampın bu xüsusda mövqeyi qətidir?
Məsələ ilə bağlı politoloq Həşim Səhrablı Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Maduroya ünvanlanan çağırışların effekt verməsi məsələsi açıq şəkildə şübhə altındadır.
“Çünki Maduro faktiki olaraq ölkəsində diktatura rejimi qurmuş və həmin rejimin başına keçmiş bir şəxs kimi bütün məsələlərdə yalnız öz iradəsindən çıxış edir. Beynəlxalq hüquq, qayda-qanun onun üçün əhəmiyyət daşımır, addımlarını yalnız özünün və müdafiə etdiyi rejimin maraqlarına uyğun şəkildə atır. Bu isə beynəlxalq hüquq və qlobal siyasət baxımından qəbuledilməz haldır. BMT baş katibinin ismarıc göndərməsi və tələblər irəli sürməsi də məhz onu göstərir ki, bu məsələ artıq ümumdünya sabitliyinə təsir edən faktora çevrilib”.
Politoloq ABŞ-nin Venesuelaya münasibətində məsələyə yalnız Venesueladakı siyasi rejimin özbaşınalığı və beynəlxalq hüquqa tabe olmaması prizmasından baxmağın doğru olmadığını bildirib:
“Şübhəsiz ki, ABŞ Venesuelada mövcud olan qanunsuzluqları, xüsusilə narkotik ticarəti ilə bağlı faktları əsas gətirərək bu ölkənin daxili işlərinə müdaxilə edir və bunu legitim səbəb kimi təqdim edir. Lakin bəzən bu reallıq ABŞ tərəfindən həm də bəhanə kimi istifadə olunur. Yəni Vaşinqton mövcud vəziyyətdən yararlanaraq öz maraqlarını təmin etmək, bölgədəki status-kvonu tam şəkildə öz xeyrinə dəyişmək üçün Venesuela hakimiyyətinə qarşı təzyiqləri artırır. Trampın mövqeyi də məhz bu nöqtədə qətidir. Onun son dövrlərdə həyata keçirdiyi xarici siyasət göstərir ki, ABŞ bir növ Monro doktrinasına geri qayıtmağa çalışır. Avrasiya proseslərinə müdaxilə etməməklə Amerika qitəsindəki hegemon dayaqlarını möhkəmləndirmək niyyəti güdür. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu gün Latın Amerikasında, eləcə də Venesuelanın özündə Rusiya və Çinin təsiri əvvəlki dövrlərlə müqayisədə daha da artmaqdadır. Xüsusilə BRICS çərçivəsində Braziliya, Argentina kimi ölkələrin fəallaşması, Argentinanın, Venesuelanın və digər Latın Amerikası dövlətlərinin müxtəlif tərəfdaşlıqlar vasitəsilə ABŞ hegemoniyasından uzaqlaşmağa çalışması bunu açıq şəkildə göstərir”.
H.Səhrablı qeyd edib ki, burada baş verənlər yalnız BMT və ya beynəlxalq hüquq kontekstində dəyərləndirilə bilməz:
“Proseslər birbaşa dövlətlərin maraqları ilə sıx şəkildə bağlıdır. Məhz buna görə də Maduronun çağırışlara əməl edəcəyi inandırıcı görünmür. O, son ana qədər ona qarşı yönəlmiş təzyiqlərə müqavimət göstərəcək. Qarşı tərəf isə Maduronu devirmək mümkün olmadığı halda onu müəyyən güzəştlərə məcbur etməyə çalışacaq. ABŞ-nin Venesuelaya birbaşa müdaxiləsinə gəldikdə isə yaxın bir neçə ay ərzində bunu gözləmək real görünmür. Çünki hazırda Tramp administrasiyası Ukrayna münaqişəsini bitirməyə çalışır. Tramp anlayır ki, Ukraynada atəşkəs və ya sülh əldə edilmədən Venesuelaya hər hansı müdaxilə Rusiyanın maraqlarına təhdid kimi qəbul edilə bilər. Bu halda Rusiya Ukraynadakı hərbi əməliyyatların miqyasını genişləndirə, eyni zamanda qlobal siyasətdə rolunu gücləndirmək üçün ABŞ ilə yaxınlaşmaq əvəzinə daha sərt rəqabət mühitinə daxil ola bilər. Bu isə ABŞ-nin Çinlə davam edən hegemonluq yarışındakı mövqeyinə ciddi zərbə vura bilər”.
Bəsti Rəfizadə
Sfera.az