Son aylarda Ermənistanın daxili siyasi gündəmində kilsə-hakimiyyət qarşıdurması getdikcə daha açıq və kəskin xarakter almağa başlayıb. Xüsusilə Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinin rəhbərliyi, o cümlədən katolikos II Qareginlə bağlı addımlar atmağa hazırlaşdığına dair iddialar cəmiyyətdə ciddi rezonans yaradıb.


 


Məlumatlara görə, Paşinyanın məqsədi təkcə kilsə rəhbərliyini dəyişmək deyil, həm də uzun illər ərzində müstəqil siyasi və ideoloji güc mərkəzi kimi çıxış edən kilsəni birbaşa hökumətin nəzarəti altına almaqdır. Bu isə Ermənistanda ənənəvi güc balansının pozulması kimi qiymətləndirilir.


 


Erməni cəmiyyətində kilsə təkcə dini institut deyil, eyni zamanda milli kimliyin, siyasi düşüncənin və xarici diaspor əlaqələrinin əsas dayaqlarından biri hesab olunur. Tarixən dövlətçilikdən öncə formalaşan və xalqın idarə olunmasında mühüm rol oynayan kilsəyə qarşı açıq müdaxilə cəhdləri Paşinyanın ictimai dayaqlarına necə təsir göstərəcəyi ilə bağlı sualları artırır.


 


Bəzi dairələr bu addımı kilsənin siyasi təsirini azaltmaq və dövlət institutlarını gücləndirmək cəhdi kimi dəyərləndirsə də, digərləri bunu milli dəyərlərə və ənənəvi strukturlara qarşı təhdid kimi qəbul edir.


 


Belə bir həssas mərhələdə Paşinyanın kilsə ilə açıq qarşıdurmaya getməsi onun siyasi dəstəyinin azalmasına, yoxsa müəyyən elektorat qrupları arasında mövqeyinin möhkəmlənməsinə səbəb olacaq?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Ermənistanda kilsə dövlət içində bir dövlətdir. Onun sözlərinə görə, kilsə siyasi, iqtisadi və hərbi gücə malik olan təşkilatdır:


 



 


“Hələ erməni dövləti yaradılmamışdan qabaq erməniləri idarə edən kilsə olub. Ümumilikdə, kilsə erməni ideologiyasını formalaşdıran və idarə edən bir mərkəzdir. Hazırda kilsə Ermənistanda formalaşmış, beynəlxalq erməni lobbisi ilə sıx təmasda olan bir təşkilatdır. İndiyə qədər Ermənistanda siyasi hakimiyyətə gələn komanda kilsənin razılığı ilə gəlir. Hazırda hakimiyyətlə kilsə arasında ciddi fikir ayrılığı yaşanır. Bu gün bunun yaranma səbəbi odur ki, Paşinyanı hakimiyyətə gətirən ABŞ onu erməni xalqının yox, Qərbin maraqlarına xidmət etməyə sövq edib. Paşinyanın qarşısına öhdəlik qoyulub ki, Rusiyanın Ermənistanda nüfuzu zəiflədilsin. Kilsənin isə Rusiya ilə bağlılığı məlumdur. Erməni cəmiyyətindəki fikir ayrılıqları isə erməni lobbisi arasında parçalanmanın olmasından qaynaqlanır. ABŞ, Rusiya və ya Avropadakı erməni lobbisi kilsə üzərindən ortaq mövqe nümayiş etdirirdilər. Paşinyandan sonra dəyişikliklər oldu”.


 


Politoloq Ermənistanın heç vaxt müstəqil və suveren dövlət olmadığına diqqət çəkib:


 


“Ermənistan hər zaman böyük güclərin əlində alətə çevrilib. Osmanlı, Çar və SSRİ dövrlərini buna misal çəkmək olar. Hazırda Ermənistan müstəliq siyasət həyata keçirmir, ABŞ-nin təsiri altındadır. İndiki situasiyada Paşinyan kilsənin dəstəyini ala bilmir. Ümumdünya erməni lobbisi kilsəyə maddi yardım ayırmaqdadır. Ermənistanda kilsənin dəstəyi ilə fəaliyyət göstərən terror qruplaşmaları mövcudur. Paşinyanla kilsə arasında ciddi qarşıdurma yaranarsa, kilsə öz hərbi gücündən istifadə edib Paşinyanı aradan götürəcək. Paşinyan kilsədən qorxduğu üçün çalışır ki, vəziyyəti neytrallaşdırsın. Buna nə qədər nail olacağını zaman göstərəcək. Ermənistanın gələcək taleyi 2026-cı ildə keçiriləcək parlament seçkilərindən asılı olacaq. Əgər Paşinyan hakimiyyətdə qalarsa, ABŞ-nin təhriki ilə kilsə Paşinyanın nəzarətinə keçəcək. Ermənistan müstəqil dövlət ola bilmək üçün öncəliklə qonşularla münasibətini bərpa etməlidir, dinc yanaşma prinsipinə əməl etməlidir, xüsusilə, Azərbaycan və Türkiyə ilə münasibətlərini genişləndirməlidir”.


 


A.Məsiyev sonda vurğulayıb ki, Ermənistanın gələcək suverenliyi Azərbaycan və Türkiyədən asılıdır.


 


Firuzə Əliyeva


Sfera.az