ABŞ mediası Qəzzanın gələcəyinə dair diqqətçəkən iddia yayıb. Məlumata görə, Vaşinqton administrasiyası Qəzzanın yenidən qurulması üçün 20 il davam edəcək və 112 milyard dollar dəyərində plan hazırlayıb.
Sfera.az xəbər verir ki, “Wall Street Journal” qəzetinin yaydığı xəbərə görə, layihə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşner tərəfindən hazırlanıb.
Planın ilk 10 illik maliyyəti 112,1 milyard dollar hesablanıb və xərclərin beşdə birini ABŞ ödəyəcək.
Layihənin maliyyələşdirilməsini hansı ölkələr və ya şirkətlərin təmin edəcəyi barədə məlumat açıqlanmayıb. Eyni zamanda, İsrailin hücumları nəticəsində evlərindən məcburi köçürülmüş 2 milyon fələstinlinin harada yerləşdiriləcəyi barədə heç bir detallı məlumat verilmir.
Qəzet yazıb ki, “Günəşin Doğuşu Layihəsi” adı verilən plan Türkiyə, BƏƏ, Qətər və Misir kimi ərəb ölkələrinə təqdim edilib. 20 illik layihədə 10-cu ildən etibarən sahil zolağının 70%-nin ticariləşdirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində ilk mərhələdə dağıdılmış binalar, partlamamış sursatlar və HƏMAS tunelləri təmizlənəcək. Bu mərhələdə bölgə sakinlərinə müvəqqəti sığınacaqlar, səyyar xəstəxanalar və klinikalar təqdim olunacaq.
Sahə təmizləndikdən sonra daimi mənzillər, məktəblər, sağlamlıq müəssisələri və dini obyektlərin tikintisinə başlanacaq. Uzunmüddətli hədəflər isə lüks sahil villaları və müasir nəqliyyat mərkəzlərinin yaradılmasıdır.
Planın “Yeni Rifah” bölməsində buranın Qəzzanın idarəetmə mərkəzi olacağı və 500 mindən çox insana ev sahibliyi edəcəyi qeyd edilir. Lakin bəzi ABŞ rəsmiləri planın reallığı ilə bağlı şübhələrini ifadə ediblər.
Layihənin qarşısındakı əsas çətinliklər də diqqət çəkib. Qəzzaya edilən minlərlə İsrail hücumu nəticəsində 68 milyon ton dağıntı altında təxminən 10 min meyit qaldığı, torpağın isə zəhərli və partlamamış sursatlarla dolu olduğu bildirilib.
Təklifin ikinci səhifəsində qalın və qırmızı hərflərlə vurğulanıb ki, Qəzzanın yenidən qurulması HƏMAS-ın bütün silahları təhvil verməsi və tunelləri silahsızlaşdırmasına bağlıdır.
Trampın rəsmiləri təhlükəsizlik şəraiti təmin olunarsa, planın iki ay ərzində icra olunmasının mümkün olduğunu bildirib.
Bəsti Rəfizadə
Sfera.az