"Google" ABŞ vizası ilə çalışan bəzi əməkdaşlarına beynəlxalq səfərlərdən çəkinməyi tövsiyə edib.


 


Sfera.az xəbər verir ki, bu barədə "Business Insider" şirkətin daxili elektron məktubuna istinadən məlumat yayıb.


 


Məlumata görə, "Google"un xarici hüquqi tərəfdaşı olan "BAL Immigration Law" tərəfindən göndərilən məktubda ABŞ-yə geri qayıtmaq üçün viza möhürünə ehtiyac olan işçilərə ölkəni tərk etməmək çağırışı edilib. Buna səbəb kimi ABŞ səfirlikləri və konsulluqlarında viza işlənmə müddətlərinin ciddi şəkildə uzanması göstərilib.


 


Qeyd olunur ki, bəzi diplomatik nümayəndəliklərdə viza prosedurlarında gecikmələr 12 aya qədər davam edə bilər. Xəbərdarlıqda beynəlxalq səfərlərin ABŞ-dən kənarda uzun müddət qalma riski yaratdığı vurğulanıb.


 


Məsələ ABŞ Prezidenti Donald Tramp administrasiyasının bu ay yüksək ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulan H-1B vizası üzrə müraciətlərin daha sərt yoxlanılacağını açıqlamasından sonra aktuallaşıb. Yeni qaydalara əsasən, müraciət edənlərin sosial media hesablarının da yoxlanılması nəzərdə tutulur.

Xüsusilə ABŞ texnologiya sektorunda Hindistan və Çindən ixtisaslı kadrların cəlbi üçün geniş istifadə edilən H-1B viza proqramı, bu il yeni müraciətlər üçün 100 min dollarlıq rüsumun tətbiq olunmasından sonra daha ciddi nəzarət altına alınıb.


 


"Reuters" agentliyinin əldə etdiyi məlumata görə, "Google"un ana şirkəti "Alphabet" də hələ sentyabr ayında əməkdaşlarına beynəlxalq səfərlərdən çəkinməyi tövsiyə edib və H-1B vizası sahiblərini ABŞ-də qalmağa çağırıb.




Firuzə Əliyeva

Sfera.az