"Amazon"un qurucusu Jeff Bezos və həyat yoldaşı Lauren Sançez Beverly Hillsdə yerləşən dəbdəbəli malikanələrinə qeyri-adi qurğu quraşdırıblar.


 


Sfera.az xəbər verir ki, "New York Post" nəşrinin məlumatına görə, cütlüyün 165 milyon dollar dəyərində qiymətləndirilən mülkünün ərazisində UFO-ya bənzər obyekt peyda olub.


 


İlkin məlumatlara əsasən, kosmik gəmini xatırladan bu qurğu əslində dizayner saunasıdır. Nəşrin paylaşdığı fotolarda NASA-nın raket komanda moduluna bənzədilən gümüşü kapsul diqqət çəkir. 




Qeyd olunur ki, malikanə əvvəllər media maqnatı Devid Gefenə məxsus olub və 2020-ci ildən etibarən əsaslı təmir və yenidənqurma işləri aparılıb. Amerika mediasının yazdığına görə, qeyri-adi kapsul "Timothy Oulton Studio" tərəfindən hazırlanıb.




Brendin rəsmi saytında “Apollo” adlı bu kapsul istirahət zonası, iş məkanı və ya şəxsi VIP pavilyon kimi istifadə oluna bilən, "Apollo 11" kosmik modulunun iri ölçülü replikası kimi təqdim edilir. Hər bir kapsul fərdi sifariş əsasında hazırlandığı üçün qiyməti açıqlanmır. Lakin ABŞ mətbuatı istehzalı şəkildə belə obyektin qiymətinin də “astronomik” ola biləcəyini qeyd edir.


 


Nə Jeff Bezos, nə də Lauren Sançez sözügedən konstruksiyanın quraşdırılması ilə bağlı rəsmi açıqlama verməyib. Buna baxmayaraq, jurnalistlər kapsulun görünüşünü milyarderin kosmosla bağlı ambisiyaları və onun "Blue Origin" layihəsi ilə əlaqələndirirlər.


 


Xatırladaq ki, 2025-ci ilin aprelində Lauren Sançez kosmosa suborbital uçuş həyata keçirib. O, tamamilə qadınlardan ibarət heyətin tərkibində müğənni Keti Perri və jurnalist Qeyl Kinq ilə birlikdə 11 dəqiqəlik uçuşu uğurla başa vurub.




Firuzə Əliyeva

Sfera.az