Böyük Britaniyanın Tiflisdəki səfirliyi Gürcüstanı Rusiya neftinin “kölgə donanması” vasitəsilə ölkəyə daşınmasına qarşı daha sərt və qəti tədbirlər görməyə çağırıb.


 


Sfera.az bildirir ki, diplomatik missiyanın açıqlamasında vurğulanıb ki, bu cür gizli daşınma sxemləri beynəlxalq sanksiyalardan yayınmaq məqsədi daşıyır və dəniz təhlükəsizliyi ilə yanaşı, ətraf mühit üçün də ciddi risklər yaradır.


 


Bəyanatda qeyd olunub ki, 2022-ci ildən sonra Gürcüstanın Rusiya neftindən asılılığı artıb və bu meylin davam etməsi strateji baxımdan təhlükəlidir. Britaniya rəsmi Tiflisi enerji mənbələrinin diversifikasiyasına çağıraraq bildirib ki, alternativ tədarük kanallarının genişləndirilməsi ölkənin həm enerji, həm də iqtisadi dayanıqlığını gücləndirə bilər.


 


Səfirliyin qiymətləndirməsinə görə, Rusiyadan enerji asılılığının azaldılması eyni zamanda Moskvanın Ukraynaya qarşı müharibəni maliyyələşdirməsinə yönələn gəlirlərin məhdudlaşdırılmasına xidmət edəcək.


 


Xatırladaq ki, Böyük Britaniya yaxın vaxtlarda sanksiya siyahısını genişləndirərək dörd iri Rusiya neft-qaz şirkətini də ora daxil edib. Həmin şirkətlər arasında Gürcüstanın Kulevi limanındakı neft emalı müəssisəsinə neft tədarük etmiş “Russneft” də yer alır.(musavat)