Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, Avropa liderləri tez-tez zəiflik nümayiş etdirir və qərar qəbulunu təxirə salmağa meyllidirlər.


 


Sfera.az xəbər verir ki, o, “Politico” nəşrinə verdiyi müsahibədə Avropa İttifaqının qərar qəbuletmə proseslərinin ləng getdiyini vurğulayaraq, Avropa qərar qəbul etməkdə çox yavaş ola bilər deyə qeyd edib.


 


Prezidentin sözlərinə görə, Ukraynaya maliyyə dəstəyi ilə bağlı razılaşmanın əldə olunması aylarla davam edən müzakirələrdən sonra mümkün olub. Bununla belə, Dan bütün çətinliklərə baxmayaraq qərarın qəbul edildiyini və bunun Aİ-nin işlək mexanizmə malik olduğunu göstərdiyini bildirib. O, Aİ-nin qərar qəbuletmə proseslərini demokratik adlandırsa da, xüsusilə zirvə görüşləri çərçivəsində aparılan müzakirələrin həddən artıq uzun çəkdiyini vurğulayıb. Niküşor Dan həmçinin qeyd edib ki, ABŞ-də Donald Tramp administrasiyasının Avropa İttifaqına göstərdiyi təzyiqlərdən sonra Aİ ölkələri siyasətlərinə daha praqmatik yanaşmağa başlayıblar. Onun sözlərinə görə, Avropa artıq mənəvi mövqedən daha çox iqtisadi və praktik yanaşmaya üstünlük verir.


 


Prezident bildirib ki, Aİ liderləri “Trampın dünyasındakı yeni reallığa uyğunlaşmaq” üçün konkret və funksional strategiyalar hazırlamağın vacibliyini anlayıblar. Rumıniya lideri ABŞ siyasətçilərinin mövqelərini açıq şəkildə ifadə etməsini normal hesab etsə də, Avropa İttifaqının siyasətinə qeyri-demokratik üsullarla təsir göstərilməsini problemli yanaşma kimi dəyərləndirib.


 


Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində bir sıra Avropa ölkələrinin uğursuz miqrasiya siyasəti səbəbindən davamlılığını itirə biləcəyini bildirib. O, həmçinin Avropa dövlətlərinin Ukrayna münaqişəsi barədə çox danışdığını, lakin onun həlli istiqamətində real addımlar atmadığını iddia edib.


 


Niyaz Hacıyev


Sfera.az