ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Daniel Devisin Rusiyanın sursat istehsalı və istehlakı baxımından NATO üzərində üstünlüyə malik olması ilə bağlı açıqlaması Ukrayna müharibəsi ətrafında aparılan müzakirələrə yeni impuls verib.


 


Ekspertin fikrincə, Moskvanın yüksək istehsal potensialı itirilən hərbi ehtiyatları qısa müddətdə bərpa etməyə imkan verir. Bu yanaşma fonunda Rusiyanın hərbi-sənaye kompleksinin NATO ölkələri ilə müqayisədə real imkanları və yaranmış vəziyyətin Qərbin Ukraynaya hərbi yardım strategiyasına mümkün təsirləri sual doğurur.


 


Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna müharibəsindən hazırda ABŞ-nin dövlət rəsmiləri narazıdır. Onun sözlərinə görə, burada əsasən ABŞ-nin rəqib olaraq gördüyü Avropa İttifaqının rolu önə çıxdığına görə bu rəqabət hətta Vaşinqtonun az qala Moskva ilə əməkdaşlığa hazır olduğunu bəyan etməsi dərəcəsinə çatıb:


 



 


“Əslində Donald Trampın sülhə tələsməsi, Ukraynanı güzəştli şərtlərlə razı salmağa çalışması da bununla bağlıdır. Hesab etmirəm ki, Rusiyanın hərbi sənayesi NATO ölkələrindən öndədir. Sadəcə təqaüdə çıxıb siyasi açıqlamalar verən Daniel Devisin bu açıqlaması da ABŞ-nin maraqları çərçivəsində siyasi populizmdir. Sursat istehlakında Rusiyanın NATO-ya dominantlıq etməsi və istehsala sərf olunan ehtiyatları tez zamanda bərpa etməsi ilə bağlı deyilən fikirdə mövcud olan həqiqət payı azdır. Çünki Rusiyanın silah istehsalı və keyfiyyəti, müasir tələblərə uyğunluğu ilə bağlı birmənalı fikirlər yoxdur. Sovet istehsalı olan silah və döyüş sursatlarının istifadəsi, ön sıraya cəlb edilib sıradan çıxarılması müasir silahlara tələbi müəyyən qədər minimal səviyyəyə endirə bilir”.


 


Politoloq qeyd edib ki,qeyd olunan mövqeyin Qərb ölkələrinin Ukraynaya yardım strategiyasının dəyişməsinə gətirəcəyini də düşünmür:


 


“Hər halda ABŞ-nin istəyi müharibəni sonlandırmaq, Ukrayna üçün Avropa İttifaqından daha çox ABŞ-nin gərəkli olduğunu qəbul etdirməkdir. Özünün Rusiya ilə iqtisadi maraqları var. Eyni zamanda rəqibi Çinin təklənməsi üçün bu yöndəki fəaliyyətini sürətləndirməklə NATO-nun aktivliyini dayandırmaq üzərində çalışılır. Yeganə və super güc olaraq tək bir qütbdə yalnız ABŞ-ni görmək istəyən Donald Trampın mövcud siyasəti Avropa və NATO-nun gec balansını arxa plana keçirməkdir”.


 


Niyaz Hacıyev


Sfera.az