2025-ci il bəzi insanlar üçün uğur, inkişaf və irəliləyişlərlə yadda qaldığı halda, digərləri üçün daha çox sınaqlar, mübarizə və daxili dönüşlərlə xatırlandı.
Bəs qarşıdan gələn 2026-cı il bizə hansı yenilikləri və çağırışları gətirəcək, şans daha çox hansı bürclərin üzünə güləcək?
Bununla bağlı Sfera.az-a açıqlama verən astroloq Aytən Salami bildirib ki, 2026-cı il yeni başlanğıclar ili kimi xarakterizə olunur və bu dövrdə olduqca önəmli planet tranzitləri baş verəcək:
“Təxminən iki il yarımdan sonra Saturn bürc dəyişərək Qoç bürcünə keçir və bununla da Od ünsüründə hərəkətə başlayır. Eyni zamanda, 2026-cı ilin iyul ayından etibarən böyük xeyirxah planet Yupiter bürc dəyişikliyi edərək Od ünsürlü Şir bürcünə tranzit edəcək və bir il boyunca bu mövqedə qalacaq. Çin təqviminə əsasən isə yeni il mart ayından başlayaraq Alovlu At ilinə daxil olur. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, 2026-cı il ümumilikdə Od ünsürünün dominant olduğu bir il olacaq. Bu enerji insanların həyatında yenilənmə, yeni başlanğıclar, hədəflərin müəyyənləşdirilməsi və cəsarətli addımlar ilə özünü göstərəcək. İl bir qədər mübarizə və rəqabət ruhunda keçsə də, eyni zamanda səbir imtahanı olacaq. Səbirli, məqsədyönlü və cəsarətli davrananlar istədikləri nəticələrə çata biləcəklər. Bu mübarizənin sonunda qalib gələnlər məhz bu keyfiyyətləri özündə birləşdirənlər olacaq”.
Astroloq əlavə edib ki, qlobal miqyasda isə xaos və qarşıdurma enerjisi güclənə bilər:
“Liderlər arasında rəqabət, müharibə və bəzi hallarda neqativ, alovlu proseslər müşahidə oluna bilər. Bürclər baxımından 2026-cı ilin birinci yarısında, iyulun sonuna qədər, daha çox Torpaq və Su ünsürlü bürclər şanslı sayılır. Bunlara Balıqlar, Xərçəng, Əqrəb, eləcə də Buğa, Qız və Oğlaq bürcləri daxildir. İyul ayından sonra isə şans Hava və Od ünsürlü bürclərə keçəcək. Şir, Qoç, Oxatan, həmçinin Əkizlər, Dolça və Tərəzi bürcləri ilin ikinci yarısında imkanlardan daha çox faydalanan bürclər sırasında yer alacaqlar”.
Fidan Hacızadə
Sfera.az