Misirin xarici işlər naziri Badr Abd əl-Atı bildirib ki, İsrail və HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsinin 2026-cı ilin yanvarında başlayacağını elan edə bilər. Nazirin sözlərinə görə, bu mərhələ İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasını, silahların yığışdırılmasını, Sülh Şurasının yaradılmasını və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini əhatə edəcək. O əlavə edib ki, vasitəçilər ABŞ Prezidenti Donald Trampın İsraili atəşkəsi pozmaqdan çəkindirəcəyinə ümid edirlər.




İkinci mərhələdə hansı əsas proseslərin və dəyişikliklərin baş verməsi gözlənilir?




Sfera.az-a bununla bağlı açıqlama verən politoloq Oqtay Qasımov Qəzzada sülh planının ikinci mərhələsinə keçidin, hələ tez olduğunu bildirib: 




“Çünki birinci mərhələ üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyiblər. Buraya əsirlərin qaytarılması, tərəflər arasında mövcud olan bəzi mübahisəli məsələlərin həlli, eləcə də HƏMAS-ın siyasi fəaliyyətdən və ümumiyyətlə Qəzzadan çəkilməsi ilə bağlı açıq qalan suallar daxildir. Belə ki, müəyyən mənbələrdən yayılan məlumatlar göstərir ki, Qəzzada HƏMAS-a bağlı aktiv şəkildə 6-8 min döyüşçü qalmaqdadır ki, bu da kifayət qədər ciddi qüvvədir. İkinci mərhələyə keçid məsələsinə gəldikdə isə burada Qəzzada gələcək idarəetmə modeli, sülhməramlı qüvvələrin yerləşdirilməsi, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və yaradılması nəzərdə tutulan beynəlxalq komitə vasitəsilə proseslərin idarə olunması, müvafiq idarəetmə strukturlarının formalaşdırılması kimi mühüm mövzular öz həllini tapmalıdır. Yəni, birinci mərhələ tam yekunlaşmadan bu mərhələyə keçid real görünmür”.


 





Politoloq əlavə edib ki, bu ayın sonunda Vaşinqtonda Donald Tramp və Benyamin Netanyahu arasında növbəti görüşün keçirilməsi gözlənilir:




“Böyük ehtimalla, həmin görüşdə Trampın təşəbbüsü ilə hazırlanan Qəzza sülh planının icrası, mövcud vəziyyət və atılacaq növbəti addımlar müzakirə olunacaq. Görüşün nəticələrindən asılı olaraq, ikinci mərhələnin başlayıb-başlamayacağı ilə bağlı müəyyən qənaət formalaşdırmaq mümkün olacaq. Ehtimal edilir ki, Tramp Qəzzada prosesləri irəlilətmək üçün konkret addımlar atacaq və İsraildən də nisbətən daha yumşaq mövqe tutmasını tələb edə bilər. Çünki Netanyahunun hər hansı ciddi güzəştə getməsi onun gələcək siyasi karyerası və şəxsi mövqeyi baxımından mənfi proseslərin başlanmasına səbəb ola bilər.Bu baxımdan, Qəzzada elə bir yol xəritəsi seçiləcək ki, bu həm Netanyahunun siyasi gələcəyi üçün müəyyən təminatlar yaratsın, həm də ABŞ-nin təklif etdiyi və aparıcı müsəlman ölkələrinin qəbul etdiyi planın həyata keçirilməsi üçün real imkanlar formalaşdırsın”.




Fidan Hacızadə

Sfera.az