Son zamanlarda dünyada insanların ən çox qarşılaşdığı xəstəliklə bağlı araşdırma aparılıb.




Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “Global Burden of Disease” (GBD) layihəsinin məlumatlarına görə, qlobal miqyasda ən geniş yayılmış və ən çox ölümə səbəb olan xəstəliklər ürək-damar xəstəlikləridir.




Araşdırmaya əsasən, ürək infarktı, insult və yüksək təzyiq kimi ürək-damar xəstəlikləri hazırda dünya üzrə ölüm hallarının təxminən üçdə birinə səbəb olur. Həmçinin, bu xəstəliklər yalnız yaşlılarda deyil, son illər gənc və orta yaş qruplarında da artmaqdadır. GBD-nin qlobal hesabatında ürək-damar xəstəliklərindən sonra xərçəng, diabet və xroniki tənəffüs yolları xəstəlikləri (xüsusilə xroniki obstruktiv ağciyər xəstəliyi) ən çox rast gəlinən xəstəliklər sırasında yer alır. Araşdırmada qeyd olunub ki, tibbin inkişafına baxmayaraq, vərəm, hepatit B və bəzi digər yoluxucu xəstəliklər hələ də yüz milyonlarla insanı təsir altında saxlayır. 




Qeyd edək ki, bu xəstəliklərin yayılması oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, stress və psixoloji gərginlik, siqaret və alkoqol istifadəsi və ətraf mühitin çirklənməsi ilə əlaqələndirilir.


 


Fidan Hacızadə

Sfera.az