İtaliya Texnologiya İnstitutunun alimləri insanların qaçış zamanı vaxtın daha yavaş keçdiyini hiss etməsinin səbəbini müəyyən ediblər.




Sfera.az xəbər verir ki, araşdırmaya görə, bu hal fiziki yorğunluqla deyil, hərəkətləri idarə etmək üçün tələb olunan zehni gərginliklə bağlıdır.




Məlumdur ki, zaman qavrayışı çox vaxt real saat göstəriciləri ilə üst-üstə düşmür. Alimlər daha əvvəl fiziki aktivliyin gəzinti, velosiped sürmə və qaçışın hadisələrin müddətinin qavranılmasına təsir etdiyini müşahidə etsələr də, bunun dəqiq səbəbi aydın deyildi. Bu məqsədlə aparılan araşdırmada 22 gənc könüllü iştirak edib. İştirakçılardan əvvəlcə iki saniyəlik vizual stimulu yadda saxlamaq, daha sonra isə müxtəlif şərtlər altında təqdim olunan stimulların müddətini qiymətləndirmək istənilib.

Təcrübə dörd rejimdə aparılıb. Sakit vəziyyətdə ayaq üstə dayanma, maksimum ürək döyüntüsünün təxminən 80 faizi ilə qaçış, geriyə doğru yerimə və ayaq üstə dayanarkən əlavə vizual yaddaş tapşırığının yerinə yetirilməsi. Fiziki yük ürək döyüntülərinin ölçülməsi ilə müəyyən edilib.




Nəticələr göstərib ki, diqqət və zehni səylərin artdığı hallarda iştirakçılar zaman intervalını olduğundan uzun qavrayıblar. Xüsusilə qaçış zamanı 1,8 saniyəlik interval subyektiv olaraq iki saniyə kimi hiss edilib. Bu isə vaxtın təxminən 9 faiz uzadılması deməkdir. Geriyə doğru yerimə və ikili tapşırıq zamanı bu göstərici orta hesabla 7 faiz olub. Araşdırma zamanı vaxt təhrifinin ürək döyüntüsünün artması ilə əlaqəli olmadığı da müəyyən edilib. Qaçış zamanı fiziki yük yüksək olsa da, zamanın qavranılmasındakı dəyişiklik digər zehni diqqət tələb edən vəziyyətlərlə eyni səviyyədə qalıb.




Fidan Hacızadə

Sfera.az