Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişənin uzanmasında bəzi siyasətçilər, silah istehsalçıları və bankirlər maraqlıdır. Onun sözlərinə görə, bu qruplar müharibədən siyasi və iqtisadi qazanc əldə edirlər.


 


Orban vurğulayıb ki, münaqişənin həlli təkcə atəşkəslə kifayətlənməməli, uzunmüddətli və sabit sülhü təmin etməlidir. Maraqlıdır, Viktor Orban Ukrayna müharibəsinin uzanmasında kimi günahlandırır?


 


Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, Viktor Orbanın bu açıqlaması ilk növbədə Avropa məkanında Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövcud fikir ayrılıqlarının aydın təzahürüdür:


 



 


“Çünki son zamanlar Avropanın digər güc mərkəzləri, xüsusilə Böyük Britaniya, Fransa və Almaniya kimi dövlətlər müharibənin davam etməsi və danışıqlar prosesinin Ukraynanın mövqeyinin daha güclü olduğu bir mərhələdə bərpa olunması istiqamətində konkret mövqe nümayiş etdirirlər. Bu isə təbii ki, həm Ukraynanın hərbi cəbhədə müəyyən mənada uğur əldə etməsi və ərazi bütövlüyünü qismən də olsa təmin etməsi ilə bağlı hədəfləri özündə ehtiva edir, həm də Avropanın təhlükəsizliyi məsələsinin ciddi müzakirə mövzusuna çevrildiyini göstərir”.


 


Politoloqun sözlərinə görə, təqdim olunan şərtlər daxilində Avropanın təhlükəsizliyi ilə bağlı gələcəyə yönəlik  iddi təhdidlər mövcud olduğu üçün Rusiya-Ukrayna müharibəsinin indiki şərtlər və tələblər çərçivəsində nə atəşkəs, nə də sülh müqaviləsi ilə yekunlaşması Avropanın maraqlarına uyğundur:


 


"Təbii ki, burada hədəf olaraq həm Ukrayna, həm də Ukraynanı arxa planda dəstəkləyən, hərbi və maliyyə baxımından bu günə qədər Rusiyaya qarşı mübarizəsində müəyyən rol oynamış Qərb dövlətləri seçilir. Ən əsas məsələ isə müharibənin davam etməsində maraqlı olan tərəflərin məqsədlərinin fərqli formalarda ifadə olunmasıdır. Təbii ki, müharibələr baş verirsə, müəyyən mənada burada maraqlı olan qüvvələr də mövcuddur. Həm hərbi-texniki baxımdan maliyyə gözləntiləri olan və silah satışından gəlir əldə edən dövlətlər, həm də bu istiqamətdə müharibənin davam etməsində siyasi və strateji hədəfləri olan aktorlar var”.


 


Müsahibimiz qeyd edib ki, Orbanın bu açıqlamaları hər iki istiqamətdə Qərb dövlətlərini hədəf alır:


 


“İndiki şəraitdə Rusiyanın qalib kimi göründüyü bir mərhələdə Rusiya–Ukrayna müharibəsinin bitməsi və hətta yekun müqavilənin imzalanması ilə bağlı mövqe nümayiş etdirilməsi isə Avropa məkanında bu müharibəyə münasibətdə mövcud olan fikir ayrılıqlarını açıq şəkildə ortaya qoyur”.


 


Niyaz Hacıyev


Sfera.az