Atlantik okeanının mərkəzində, metrlərlə dərinlikdə əvəzolunmaz bir tarix və ölçüyəgəlməz sərvət yatır. Portuqaliyaya məxsus Azor adaları əsrlər boyu dənizçilər üçün mühüm marşrut olub. Lakin bu adalar təkcə strateji əhəmiyyət daşımır, həm də dünyanın ən böyük sualtı qəbiristanlıqlarından birinə çevrilib. Son araşdırmalar göstərir ki, tonlarla qızıl və gümüş daşıyan yüzlərlə gəmi bölgənin qumla örtülmüş dəniz dibində səssizcə yatır.
Sfera.az xəbər verir ki, Lissabondakı Nova de Lisboa Universitetinin sualtı arxeoloqu Aleksandr Monteyro bu sirli tarixə işıq salmaq üçün 25 ildən artıqdır araşdırmalar aparır. Onun rəhbərlik etdiyi komanda Portuqaliya materiki, Madeyra və Azor adaları ətrafında 8000-dən çox gəmi qəzasını xəritələşdirib. Onlardan 250-dən çoxu daşıdıqları qiymətli yüklərə görə “xəzinə gəmiləri” kimi tanınır.
XVI–XVII əsrlərdə Amerika ilə Avropa arasında ticarətin əsas yollarından biri olan bu sular, fırtınalar, naviqasiya səhvləri və pirat hücumları nəticəsində minlərlə gəminin son dayanacağına çevrilib. Bu qəzalardan ən diqqətçəkəni 1589-cu ildə batan İspaniya gəmisi “Nuestra Señora del Rosario” (və ya “Nossa Senhora da Luz”) hesab olunur. Arxiv sənədlərinə əsasən, bu gəmi 22 ton qızıl və gümüş daşıyırmış – bu isə onu okean dibində basdırılmış əsl xəzinə sandığına çevirir.
Monteyro bu gəmini yalnız maddi sərvət baxımından deyil, həm də heyət üzvlərinin kimliyi, kapitanın ailəsi və səyahətin tarixi konteksti ilə birlikdə araşdırır. Onun fikrincə, gəmi qəzaları təkcə xəzinə deyil, həm də zəngin tarixi məlumat mənbəyidir.
Xəzinələr niyə hələ də tapılmayıb?
“Dənizin dibində bu qədər qızıl niyə hələ də çıxarılmayıb?” sualının cavabı sadə deyil. Əksər gəmi qəzaları əsrlər boyu qalın qum və çöküntü təbəqələri altında gizlənib. Dərinlik, güclü cərəyanlar və sərt okean şəraiti bu ərazilərdə xilasetmə əməliyyatlarını texniki baxımdan mümkünsüz və ya son dərəcə bahalı edir.
Ən böyük maneələrdən biri isə hüquqi məhdudiyyətlərdir. Beynəlxalq mədəni irs qanunları bu cür gəmi qəzalarının kommersiya məqsədilə çıxarılmasına ciddi qadağalar qoyur. Eyni zamanda, dövlətlər və elmi qurumlar bu miqyaslı layihələri maliyyələşdirmək üçün kifayət qədər resursa malik deyillər. Nəticədə, bu xəzinələr tarixi miras kimi dənizin dibində qalmaqda davam edir.
Ən böyük təhlükə xəzinə ovçuları deyil
Aleksandr Monteyronun fikrincə, bu gəmi qəzaları üçün əsas təhlükə xəzinə ovçuları deyil, müasir insan fəaliyyətidir. Limanların genişləndirilməsi, sahil tikintiləri və dəniz dibinə nəzarətsiz müdaxilələr elmi nəzarət olmadan həyata keçirildikdə, bu tarixi irsə bərpaolunmaz zərər vura bilər.
1615-ci ildə Azor adaları sahillərində batan “Nossa Senhora da Luz” gəmisinin kəşfi bu irsin nə qədər kövrək olduğunu bir daha sübut edir. Atlantik okeanının dərinliklərində səssizcə uzanan bu şahidlər hələ də qorunmağı və hekayələrinin danışılmasını gözləyir.
Aynil