Britaniya mediası Devid və Viktoriya Bekhemin 26 yaşlı oğlu Bruklini “Instagram”da izləmədən çıxardıqlarını iddia edib. Lakin ailənin 20 yaşlı kiçik oğlu Kruz Bekhem bu xəbərlərə sərt reaksiya verib.


 


Sfera.az xəbər verir ki, Kruz Bekhem sözügedən məqalənin ekran görüntüsünü paylaşaraq yayılan məlumatları təkzib edib. O bildirib ki, valideynləri heç vaxt könüllü şəkildə övladlarını izləmədən çıxarmazdılar. Əksinə, Bruklinin özü ailə üzvlərini, o cümlədən Kruzu sosial şəbəkədə bloklayıb:


 


“Valideynlərim bunu heç vaxt etməzdilər. Düzünü desəm, bir gün oyandılar və artıq bloklanmışdılar. Mən də eləcə".


 


Xatırladaq ki, Bruklin Bekhem ilə həyat yoldaşı Nikola Peltz və Bekhem ailəsinin digər üzvləri arasında gərginlik bu ilin əvvəlindən davam edir. Cütlük ailə tədbirlərini – Viktoriyanın moda nümayişi, ad günü, Devidin ildönümü və digər əlamətdar günləri ardıcıl şəkildə görməzdən gəlir.


 


Amerika mediası daha əvvəl Nikola Peltzin Bruklinin valideynlərini “toksik insanlar” adlandırdığını və Bruklinin onlarla bütün əlaqələrdən uzaqlaşdığını yazmışdı.


 


Digər tərəfdən, Bruklinin həyat yoldaşının ailəsi ilə münasibətləri əladır. Cütlük yay tətilini Nikolanın atası, milyarder Nelson Peltzin yaxtasında keçirib. Nelson Peltz həmçinin kürəkəninin restoran biznesinə dəstək məqsədilə investisiya yatırıb.


 


Bruklin Bekhem son günlərdə ilk dəfə bu məsələ ilə bağlı açıqlama verərək, Nikolanı həyatındakı ən böyük dəstəkçi adlandırıb.


 


Qeyd edək ki, Bekhem ailəsindəki bu gərginlik hələ cütlüyün toyundan əvvəl, Nikola ilə Viktoriya arasında yaranan münaqişə ilə başlayıb. Zaman keçdikcə münasibətlər daha da pisləşib və ailənin kiçik üzvlərinin açıqlamaları bu məşhur ailədəki uçurumun dərinliyini ortaya qoyur.


 


Aynil