Bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul edilmiş Amnistiya aktının icrasına start verilib. Bu mühüm qərar, dövlət başçısının humanizmə, mərhəmətə və bağışlamağa əsaslanan siyasətinin növbəti təzahürüdür.
Sfera.az bildirir ki, müstəqillik dövrünün ən geniş miqyaslı Amnistiya aktı olan bu sənəd 20 min nəfərə şamil olunmaqla, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində minlərlə ailəyə Prezident İlham Əliyevin ən böyük mənəvi hədiyyəsi olmuşdur.
Bağışlamaq və mərhəmət göstərmək bacarığı tarixən ən ali insani dəyərlərdən sayılıb və bu keyfiyyətlər müdrik dövlət xadimlərinə xas xüsusiyyətlərdir. Azərbaycanda bu dəyərlər Ulu Öndər Heydər Əliyev, Zərifə xanım Əliyeva və Aidə xanım İmanquliyeva kimi şəxsiyyətlərin mənəvi irsindən qaynaqlanan humanist ənənəyə çevrilmişdir.
Ulu Öndərin qəbul etdiyi əfv və amnistiya aktları cəmiyyətimizdə yalnız mərhəmət və insanpərvərliyin deyil, eyni zamanda ədalətə inamın, dövlətin vətəndaşına olan etimad və etibarının möhkəmlənməsinə xidmət etmişdir.
Bu humanist siyasətin davamlılığını və ardıcıllığını təmin edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya və əfv tədbirləri nəticəsində indiyədək on minlərlə insan azadlığa qovuşaraq, cəmiyyətə inteqrasiya və həyatlarını yenidən qurmaq imkanı əldə etmişlər.
Əminik ki, bu dəfə də azadlığa buraxılan şəxslər ölkəmizdə gedən genişmiqyaslı inkişaf proseslərinə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə fəal şəkildə qoşulacaqlar.
Zəfərin beşinci ildönümündə təqdim olunan bu Amnistiya aktı bir daha sübut edir ki, Prezident İlham Əliyev insan amilini daim yüksək qiymətləndirir və humanizm prinsiplərinə sadiqliyini əməldə nümayiş etdirir.
Keçmiş deputat, siyasi elmlər doktoru Vaqif Abdullayev