İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Tehran tərəfindən keçirilən son hərbi təlimlər İsrailin xüsusi nəzarətindədir. Onun sözlərinə görə, İranın bu addımları diqqətlə təhlil olunur və mümkün risklər dəyərləndirilir.




Netanyahu vurğulayıb ki, İsrailə qarşı hər hansı təhdid və ya hücum cəhdi cavabsız qalmayacaq və çox sərt qarşılıq veriləcək.




Xarici mənbələrin yaydığı məlumata görə, İsrail ABŞ-ni xəbərdar edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son günlər keçirdiyi raket təlimləri mümkün hücum hazırlığının göstəricisi ola bilər. Bildirilir ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperlə telefon danışığı zamanı bu təlimlərin İsrail üçün ciddi narahatlıq doğurduğunu vurğulayıb. İsrail tərəfi regionda gərginliyin azaldılması ilə bağlı yekun razılaşmaların əldə olunmamasına görə məsuliyyəti hələ də İranın üzərinə qoyur.




Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, son vaxtlar rəsmi Təl-Əvivin verdiyi açıqlamalardan belə aydın olur ki, İsrail İranla bağlı növbəti dəfə sərt addımlar atmaq niyyətindədir:


 


“Hətta bəzi məlumatlara görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edəcək və bu səfər çərçivəsində Prezident Donald Trampa İsrailin İrana qarşı növbəti savaş planını təqdim edəcək. Yəni belə anlaşılır ki, Yaxın Şərqdə növbəti dağıdıcı müharibə istiqamətində müəyyən hazırlıq prosesi başlayıb və bu prosesin real hərbi əməliyyatlarla müşayiət olunub-olunmayacağı böyük ehtimalla Netanyahunun ABŞ-yə səfəri çərçivəsində aydınlaşacaq”. 


 



 


E.Xalidbəyli hesab edir ki, İranın raket təlimləri artıq Təl-Əvivdə ciddi narahatlıq doğurub və bu təlimlərin gündəmə gətirilməsi İsrailin İrana qarşı mümkün yeni hərbi əməliyyatlarında bəhanə və ya arqument rolunu oynaya bilər: 




“Hətta bu mövzu Netanyahunun Vaşınqtona səfərinə hazırlıq baxımından da gündəmə gətirilmiş ola bilər. Yəni belə hesab etmək olar ki, rəsmi Təl-Əviv Netanyahunun Trampla görüşündə İrana qarşı hərbi əməliyyatların başlanmasının vacibliyini arqumentləşdirmək üçün müəyyən hazırlıq aparır. Bu baxımdan, təbii ki, İsrail ABŞ-nin mövqeyini nəzərə almalı olacaq. Çünki Yaxın Şərqdə ABŞ-nin ən yaxın müttəfiqi olan İsrail bu regionda atdığı bütün addımları Vaşinqtonla razılaşdırır. ABŞ-nin dəstəyini aldıqdan sonra isə əvvəlcədən planlaşdırılmış addımlar atılır. İndi də böyük ehtimalla Netanyahunun Vaşinqtona səfərindən sonra İranla hərbi toqquşmaların olub-olmayacağı məsələsi dəqiqləşməyə başlayacaq”.


 


Fidan Hacızadə

Sfera.az