Avropada Milad bayramının müharibəsiz keçməsi ehtimalı fonunda təhlükəsizlik risklərinin tam aradan qalxmadığı barədə xəbərdarlıq edilib. Macarıstanın Baş naziri Viktor Orban TV2 telekanalına müsahibəsində bildirib ki, bəzi siyasi dairələr Rusiyanı birbaşa hərbi qarşıdurmaya cəlb etməyə çalışır və bu yanaşma müharibə təhlükəsinin hələ də gündəmdə qalmasına səbəb olur.
Orbanın bu fikirləri Qərb daxilində Ukrayna münaqişəsinə fərqli baxışların mövcud olduğunu bir daha gündəmə gətirib.
Maraqlıdır, Orbanın “bəzi siyasətçilər Rusiyanı birbaşa qarşıdurmaya sürükləyir” fikrinin arxasında hansı siyasi qüvvələr dayanır?
Sualımızı cavablandıran politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Macarıstanın Baş naziri Viktor Orbanın “bəzi siyasətçilər Rusiyanı birbaşa qarşıdurmaya sürükləyir” fikri ilk növbədə Avropa və transatlantik siyasi dairələr daxilində mövcud olan sərt təhlükəsizlik xəttinə işarə edir.
Onun sözlərinə görə, buraya xüsusilə ABŞ-də və Avropa İttifaqında Rusiyaya qarşı kompromissiz mövqe tutan siyasi-ideoloji qruplar, təhlükəsizlik institutları və onları dəstəkləyən hərbi-sənaye dairələri daxildir:
“Bu qüvvələr münaqişənin diplomatik yollarla idarə olunmasındansa, Rusiyanın strateji cəhətdən zəiflədilməsini prioritet hesab edir və Ukrayna müharibəsini daha geniş geosiyasi qarşıdurmanın alətinə çevirmək xəttini müdafiə edirlər. Orbanın ritorikasında bu yanaşma Avropanın təhlükəsizliyini deyil, əksinə, onu birbaşa müharibə riskinə yaxınlaşdıran məsuliyyətsiz siyasət kimi təqdim olunur”.
Politoloq qeyd edib ki, digər tərəfdən, Orbanın bu açıqlaması Avropa daxilində formalaşan alternativ siyasi bloklaşmaya da diqqət çəkir:
“Macarıstan, Slovakiya və bəzi digər ölkələr müharibənin uzadılmasının Avropanın iqtisadiyyatına, enerji təhlükəsizliyinə və sosial sabitliyinə ağır zərbə vurduğunu açıq şəkildə dilə gətirirlər. Orbanın “Miladı müharibəsiz qeyd etmək olar” mesajı, əslində, Avropanın hələ də seçim imkanına malik olduğunu göstərmək cəhdidir: ya Vaşinqton mərkəzli sərt qarşıdurma xəttinə kor-koranə qoşulmaq, ya da müstəqil siyasi iradə nümayiş etdirərək dialoq və de-eskalasiya yolunu seçmək. Bu baxımdan Orbanın tənqidi konkret bir ölkədən çox, müharibəni geosiyasi alətə çevirən və Avropanı risk altına atan siyasi yanaşmaya yönəlib”.
Niyaz Hacıyev
Sfera.az