ABŞ administrasiyasının Latın Amerikasında narkotik kartelləri ilə mübarizə adı altında mümkün quru hərbi əməliyyatları müzakirə etməsi yalnız Venesuela ilə məhdudlaşmır.
Donald Trampın bu ehtimalı təsdiqləməsi Vaşinqtonun regionda bir neçə ölkəni potensial risk zonası kimi nəzərdən keçirdiyini göstərir. Xüsusilə narkotik istehsalı və tranziti ilə əlaqələndirilən bəzi Latın Amerika dövlətlərində mümkün hərbi müdaxilə ssenariləri regional təhlükəsizlik və beynəlxalq hüquq baxımından ciddi suallar doğurur.
Maraqlıdır, hərbi əməliyyatlar başqa harada reallaşa bilər?
Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ təkcə Venesuela ilə məhdudlaşmayacaq. Onun sözlərinə görə, Kolumbiyada da oxşar əməliyyatların həyata keçirilməsi ilə bağlı planların olduğu ehtimal edilir:
"ABŞ prezidenti dəfələrlə Kolumbiya prezidentini hədəf alan çıxışlar edib ki, bu da Vaşinqtonun Kolumbiya ilə bağlı müəyyən planlarının mövcudluğuna işarə edir. Eyni zamanda ABŞ Meksikanı da ciddi şəkildə təhdid edir və bu ölkə ərazisində narkotik kartellərinin fəaliyyət göstərdiyini xüsusi vurğulayır. Həqiqətən də Latın Amerikası ölkələrində narkotik kartelləri olduqca güclüdür və narkoticarət son dərəcə aktivdir. Ancaq Donald Trampın məhz bu səbəbdən Venesuela və digər ölkələrə müdaxilə etmək istəməsi düşündürücü görünür. Çünki Amerika rəsmiləri eyni zamanda ABŞ-nin Venesuelada pozulmuş neft hüquqlarının bərpasının əməliyyatın əsas məqsədlərindən biri olduğunu da açıq şəkildə ifadə edirlər. Hətta bu cür əməliyyatlardan sonra ABŞ-nin Venesueladakı neft hüquqlarının tam şəkildə icra ediləcəyi ilə bağlı fikirlər səsləndirilir”.
Politoloq qeyd edib ki, bu faktiki olaraq onu göstərir ki, ABŞ-nin Venesuelada əməliyyat həyata keçirməkdə əsas məqsədi yalnız narkotik kartelləri ilə mübarizə deyil, ölkənin zəngin neft ehtiyatlarıdır:
“ABŞ təkcə narkotik kartellərinə görə bu qədər kəskin və genişmiqyaslı əməliyyat rejiminə keçməz. Eyni zamanda Meksika və Kolumbiyada da ABŞ-yə sadiq rejimlərin hakimiyyətə gətirilməsi, bu ölkələrdə Vaşinqtondan asılı olan “kukla” hökumətlərin qurulması istiqamətində addımların atılacağı istisna edilmir. Bu isə ABŞ-yə öz yaxın ətrafında siyasi təsirini gücləndirməyə və sadiq hökumətlərin formalaşdırılmasına imkan yaradır. Görünür, uzun müddətdir bu region Rusiya və Çinin təsir dairəsindədir.
Hətta İkinci Dünya müharibəsindən sonra Latın Amerikası ölkələrində solçu meyillərin güclənməsi və SSRİ-nin bölgəyə nüfuzu bunun bariz nümunəsi idi. SSRİ dağıldıqdan sonra isə Rusiya və Çin regionda təsir imkanlarını aktiv şəkildə qoruyub saxlayıb. ABŞ-nin bundan narazı olduğu açıq şəkildə hiss olunur. Bütün bunlar onu göstərir ki, Vaşinqton Latın Amerikası ölkələrində özünə sadiq siyasi qrupların hakimiyyətə gətirilməsi prosesini sürətləndirə bilər. Yaxın gələcəkdə bu regionda hərbi çevrilişlərin, hökumətlərin devrilməsinin və ABŞ-nin müdaxiləsi ilə yeni, Vaşinqtona sadiq hakimiyyətlərin qurulmasının şahidi ola bilərik”.
Niyaz Hacıyev
Sfera.az