Yeni il yaxınlaşdıqca ailələr bayram süfrəsini hazırlamaq üçün tədürüklərə başlayıblar. Salatlar, isti yeməklər, meyvələr, spirtli və spirtsiz içkilər, şirniyyatlar bayram süfrəsinin əsas elementləri hesab olunur. Son dövrlərdə ərzaq məhsullarının qiymətlərində müşahidə olunan artım Yeni il süfrəsinin xərclərini də yüksəldib.
Sfera.az bayram süfrəsini hazırlamaq üçün lazım olan xərcləri hesablayıb. Xərclər hesablanan zamanı örta ölçülü (4 nəfər) bir ailənin tələbi nəzərə alınıb.
Apardığımız araşdırma göstərir ki, 2025-ci ildə Azərbaycanda Yeni il bayramı üçün orta səviyyəli süfrəsinin hazırlanmasının dəyəri əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Yeni il süfrəsinin əvəzolunmazlarından sayılan paytaxt, mimoza, vineqret salatların hazırlanması üçün kartof, kök, yumurta, noxud, mayonez və digər məhsullar tələb olunur. Bir neçə növ salatın hazırlanması orta hesabla 50-70 manat xərc tələb edir. Tək bir salat isə təxminən 15-25 manata başa gəlir.
Bayram süfrəsinin hazırlanması üçün ən çox pul ətin alınmasına gedir. Süfrənin əsas hissəsini təşkil edən isti yeməklər, o cümlədən plov, qızartma, kabab və digər xörəklər üçün mal və qoyun əti alınır. Dörd nəfərlik ailə üçün tələb olunan ətin alınmasına 70-100 manat lazımdır.
Bayram süfrəsində meyvələrin də öz yeri var. Mandarin, alma, banan və digər meyvələrin alınmasına seçindən asılı olaraq 15-30 manat xərclənməlidir.
Qəlyanaltılar və şirniyyatlar isə əlavə xərclər yaradır.
Yeni ilin simvollarından biri olan şampan və digər içkilərin qiymətləri də büdcəyə təsirsiz ötüşmür. Yerli şampan və şərabların qiyməti 10-40 manat arası dəyişir.
Ümumilikdə aparılan hesablamalara əsasən, qənaətcil Yeni il süfrəsi təxminən 150-200 manat arası, daha zəngin və ənənəvi bayram süfrəsi isə 300-400 manat və daha çox xərc tələb edir.
Fidan Hacızadə
Sfera.az