Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Avropa ölkələri Rusiyadan gələn təhdidləri iddia edərək genişmiqyaslı hərbiləşmə proqramlarına start veriblər. 




Onun sözlərinə görə, Moskvanın NATO ölkələrinə hücum edəcəyi iddiaları ilə Avropada müharibəni qəsdən qızışdırılır və cəmiyyət genişmiqyaslı müharibəyə hazırlanır.




Ryabkov vurğulayıb ki, tarixdə planlı hücum məhz Rusiyaya qarşı həyata keçirilib, əksinə yox. O, Rusiyanın NATO və ya Avropa İttifaqı ölkələrinə qarşı hər hansı hücum planının olmadığını da qeyd edib.


 


Bəs həqiqətdə Avropa dövlətləri silahlanma üçün Rusiya amilini bəhanə edirlərmi? 


 


Sfera.az-a bununla bağlı açıqlama verən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, Ukrayna müharibəsindən, yəni 2022-ci ilin fevralından sonra Avropa təhlükəsizlik arxitekturasını ciddi şəkildə dəyişməyə məcbur qaldı. 




Ekspert söyləyib ki, bu istiqamətdə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun da qeyd etdiyi kimi, Avropa ölkələri, xüsusilə də Rusiyadan gələn təhdidləri əsas götürərək, genişmiqyaslı hərbiləşmə layihələrinə start verdilər:


 


“Bu layihələr əsasən müdafiə xarakterli proqramların həyata keçirilməsini təmin edir. Xüsusilə Almaniya, Fransa, Polşa, Baltik ölkələri və Skandinaviya dövlətləri müdafiə xərclərini rekord səviyyədə artırdılar. Avropa İttifaqı Rusiyanın Ukrayna sərhədlərini güc yolu ilə dəyişdirməsini, əlbəttə ki, həmçinin özlərinə qarşı təhlükə mənbəyi olaraq göstərir və silahlanma prosesinə məhz Rusiyanın bu addımının səbəb olduğunu bildirirlər. Burada onların iddiası tam şəkildə öz əksini tapır. Bu baxımdan Sergey Ryabkovun Avropa ölkələrinin ünvanına söylədiklərinin heç bir əsası yoxdur və deyərdim ki, Rusiya rəsmiləri hər zaman olduğu kimi, indi də öz uydurmalarından danışırlar. Ryabkovun açıqlaması da bu qəbildəndir və heç bir əsası yoxdur. Həqiqət isə ondan ibarətdir ki, Baltikyanı ölkələr və Şərqi Avropa dövlətləri həqiqətən Rusiyanın təhdidi altındadır. Bu səbəbdən önləyici addımlar atılır və bu addımlar xüsusi olaraq müdafiə xarakterlidir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun “Rusiyanın hücum planı olmadan təhlükə obrazına çevrilməsini” irad tutması, Rusiyanı təmiz və güvənilən ölkə kimi göstərmək təşəbbüsündən başqa bir şey deyil”.


 



 


Ç.Şahbaz hesab edir ki, Rusiyanın səmimiyyətinə dünyada heç bir ölkə inanmır, o cümlədən Avropa:


 


“NATO-nun hərbi xərclərinin və digər sahələrdə genişlənməsinin səbəbkarı da məhz Rusiya oldu. Yəni burada təhlükə süni şəkildə şişirdilirsə və siyasi məqsədlər üçün istifadə olunursa, bunun səbəbi də yenə Rusiyanın nə edəcəyi məlum olmayan davranışlarıdır. Rusiyanın nüvə ritorikası Avropa cəmiyyətində haqlı olaraq psixoloji baxımdan müharibə ehtimalını artırır və Avropa tərəfi birbaşa müharibə tərəfi deyil ki, müharibənin genişlənməsini və davam etməsini körükləsin. Rusiya hər fürsətdə Avropa ölkələrini təhdid edir və bu səbəbdən Avropa ehtiyatlı davranmağa məcburdur. Bu baxımdan Sergey Ryabkovun açıqlamasında həqiqətlər çoxdur, amma səbəblər gizlədilir. Bu səbəbdən Avropanın narahatlıqları uydurma sayıla bilməz və bu istiqamətdə Avropanın tədarükü tam olaraq başa düşüləndir”.




Fidan Hacızadə

Sfera.az