Adətən Yeni İl hədiyyələri bir fincan və ya şokoladla kifayətlənsə də, Britaniyada bir şirkətdə bu ənənə fərqli şəkildə qeyd olunub. Sosial yönümlü agentliyin baş direktoru Benji Leslie işçilərindən birinə lüks “Range Rover Evoque” avtomobili hədiyyə edib. O, həmçinin komanda üçün Milad hədiyyələrinə ümumilikdə 100.000 funt sterlinq xərcləyib. Tədbirin görüntüləri şirkətin “TikTok” kanalında paylaşılaraq viral olub.


 


Sfera.az bildirir ki, şirkətdə “Santa Leslinin Mükafatı” adlı ənənə var. Milad ərəfəsində işçilər gündəlik lotereyada iştirak edir, zərflər və hədiyyələr seçirlər. Noyabrdan bəri texnologiya, səyahət və digər dəyərli mükafatlar təqdim olunub.


 


Ən böyük sürpriz isə şirkətdə cəmi bir neçə aydır çalışan Xloe adlı işçiyə nəsib olub. O, şanslı nömrəni çəkərək ağ “Range Rover” qazanıb. Avtomobillə yanaşı, ona illik sığorta da verilib. Bu modelin bazar qiyməti 40.000–60.000 funt sterlinq arasında dəyişir.


 


Lotereyada digər hədiyyələr arasında “iPhone”lar, “AirPods Pro Max”, konsert biletləri, elektrik skuteri, “Ray-Ban Meta” ağıllı eynəkləri, “Osmo” kamerası, “Lego” dəstləri, “LED” üz maskaları və səyahət paketləri olub.


 


Xloe bu barədə belə deyib: “Bu, tamamilə inanılmazdır. Dünyanın ən möhtəşəm şirkətində işlədiyim üçün çox minnətdaram. London buna diqqət yetirməlidir.”


 


Video sosial şəbəkələrdə böyük maraq doğurub. Bir çox istifadəçi şirkətin işçi qəbul edib-etmədiyini soruşub, bəziləri isə bu videodan sonra işlərini dəyişməyi düşündüklərini bildirib. Digərləri isə bu səxavətli yanaşmanı öz təcrübələri ilə müqayisə edərək təəccüblərini ifadə ediblər.


 


Aynil