İngiltərədə bir müəllim botanika dünyasının ən qorxulu üzvlərindən biri olan “intihar bitkisi”ni evində yetişdirməyə başlayıb. Kimyəvi yanıq və elektrik şokuna bənzər dözülməz ağrıya səbəb olan bu təhlükəli bitki təhlükəsizlik məqsədilə xüsusi xəbərdarlıq lövhələri ilə əhatələnmiş qəfəsdə saxlanılır.
Sfera.az bildirir ki, Oksfordda yaşayan 49 yaşlı Daniel Emlyn-Jones dünyanın ən zəhərli bitkilərindən biri sayılan “Gympie-Gympie” (elmi adı: Dendrocnide moroides) bitkisini evində yetişdirərək hobbi sərhədlərini xeyli aşır. Adi gicitkənə bənzəyən bu bitkiyə toxunmaq, bədəndə isti turşu tökülməsi və elektrik cərəyanı vurması hissini yaradır. Bitkinin yarpaqlarındakı mikroskopik tüklər neyrotoksinlə doludur və dəriyə nüfuz edərək aylarla, hətta illərlə davam edən ağrıya səbəb ola bilər.
“İntihar bitkisi” adlandırılmasının səbəbi isə faciəli hadisələrlə bağlıdır. Keçmişdə bu bitkini təsadüfən tualet kağızı kimi istifadə edən bir şəxsin yaşadığı ağrıdan sonra intihar etdiyi bildirilir. Mütəxəssislər bu ağrını əqrəb və hörümçək sancmalarından daha şiddətli hesab edirlər.
Avstraliya və Malayziyanın yağış meşələrində, xüsusilə Kvinslend əyalətində rast gəlinən bu bitki meşə yolları və çay sahillərində bitir. Səlahiyyətlilər turistləri bu bitkiyə qarşı daim xəbərdar edir və təmas halında dərhal müdaxilə edilməsini tövsiyə edirlər. İlk yardım kimi durulaşdırılmış xlorid turşusu və mum zolaqları ilə tüklərin təmizlənməsi tövsiyə olunur.
Daniel Emlyn-Jones bu ölümcül bitkini yalnız təhlükəsiz məsafədən, qəfəs arxasından izləyir və məqsədinin qeyri-adi bitkilər haqqında məlumatlılığı artırmaq olduğunu bildirir.
Aynil