Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin BMT Təhlükəsizlik Şurasından ciddi dəstək aldığını deyib.
Sfera.az xəbər verir ki, dövlət başçısı bu fikirləri Venesuelada təşkil olunan Milad bazarına səfəri zamanı səsləndirib. Maduronun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Venesuelanın sərbəst naviqasiya və azad ticarət hüquqlarını müdafiə edir. O, ABŞ tərəfindən Venesuelaya məxsus gəmilərin ələ keçirilməsini piratçılıq kimi qiymətləndirib və ölkəsinin heç vaxt məğlub edilə bilməyəcəyini vurğulayıb.
Karakasın tələbi ilə 23 dekabr tarixində BMT Təhlükəsizlik Şurasında Karib dənizində ABŞ-nin artan hərbi mövcudluğu və Venesuela neftini daşıyan iki tankerin ələ keçirilməsi məsələsi müzakirə olunub. İclasda çıxış edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Venesuela xalqı ilə həmrəy olduqlarını bir daha bəyan edib. O, Rusiyanın Nikolas Maduro hökumətinin ölkənin milli maraqlarını və suverenliyini qorumağa yönəlmiş siyasətini dəstəklədiyini bildirib. Nebenzya qeyd edib ki, beynəlxalq hüququ ciddi qəbul edən hər kəs Venesuelanı dəstəkləməyə borcludur.
Niyaz Hacıyev
Sfera.az