Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar göstərir ki, dünyada doğum səviyyəsində davamlı azalma müşahidə edilir. Xüsusilə inkişaf etmiş və sənayeləşmiş ölkələrdə qadın başına düşən uşaq sayı əhalinin özünü bərpa etməsi üçün tələb olunan səviyyədən xeyli aşağıdır. Bu tendensiyanın yaxın illərdə ciddi sosial və iqtisadi nəticələrə səbəb olacağı bildirilir.
Sfera.az xəbər verir ki, araşdırmalara əsasən, hazırda dünyada ən aşağı doğum göstəricilərindən biri Cənubi Koreyada qeydə alınır.
Bu ölkədə qadın başına düşən uşaq sayı 1-dən aşağıdır və bəzi illərdə 0,7-0,8 səviyyəsinə enib. Doğum göstəricisinin pisləşməsi Cənubi Koreyada əhalinin sürətlə yaşlanmasına və işçi qüvvəsinin azalmasına yol açır. Aşağı doğum səviyyəsi ilə seçilən digər ölkələr sırasında Yaponiya, İtaliya, İspaniya, Malta, Polşa, Tayvan və Honkonq da yer alır. Məsələn, Yaponiyada illik doğum sayı tarixi minimum həddə düşüb. Avropanın bir sıra ölkələrində isə gənclərin gec ailə qurması və iqtisadi qeyri-sabitlik doğum göstəricilərinə birbaşa təsir edir. Beynəlxalq statistikaya görə, Avropa ölkələrinin əksəriyyətində qadın başına düşən uşaq sayı 1,3-1,5 aralığında dəyişir. Şərqi Asiya ölkələrində bu rəqəm daha aşağıdır. Afrikada doğum səviyyəsi isə hələlik yüksək qalsa da, orada da azalma tendensiyası müşahidə olunur.
Doğum sayının azalmasının əsas səbəbləri kimi yaşayış və uşaq böyütmə xərclərinin artması, gənclər arasında karyeraya üstünlük verilməsi, urbanizasiya, gec nikah və qadınların təhsil səviyyəsinin yüksəlməsi göstərilir.
Bildirilir ki, mövcud vəziyyət davam edərsə, bir çox ölkə əhali sayını qorumaq üçün miqrasiyaya daha çox ehtiyac duyacaq. Lakin bu addım uzunmüddətli perspektivdə demoqrafik problemlərin tam həlli kimi qiymətləndirilmir.
Fidan Hacızadə
Sfera.az