İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə mühüm hərbi planları müzakirə etmək üçün görüşə hazırlaşır.
Məlumata görə, Netanyahu Livanın cənubunda “Hizbullah” qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün Trampdan dəstək və “yaşıl işıq” istəyəcək. Trampın reaksiyası və əməliyyatın vaxtı hələ açıqlanmayıb, hər iki liderin qərarı regionda böyük maraq doğurur.
Politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, son günlərdə ABŞ ilə İsrail arasında hərbi yöndə yaxınlaşmaların şahidi oluruq.
Onun sözlərinə görə, bir sıra hərbi planların müzakirə edildiyi görünür:
“Bu da təsadüfi deyil. İndiki vəziyyətdə Trampın bilavasitə dəstəyi ilə İsrailin genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını düşünmürəm. Çünki, hazırda Trampın başı Ukraynadakı müharibəni bitirməyə və maksimum dərəcədə ölkəsinin buradan daha çox dividendlər qazanaraq çıxmasına yönəlib. Belə bir şəraitdə İsrail yeni bir savaşa başlayarsa, bu Amerikanın da nüfuzuna müəyyən qədər zərbələr endirə bilər. Hesab edirəm ki, bu barədə danışmaq tezdir”.
Politoloq qeyd edib ki, nəinki İsrail, başqa hər hansı bir ölkə, qruplaşma olsun, Amerikanın indiki vəziyyətdə müharibəyə başlamağı üçün həmin ölkəyə və yaxud böyük qüvvələrə yaşıl işıq yandıracağı real görünür:
“Yəni, indiki vəziyyətdə hərbi əməliyyatlar barədə danışmaq tezdir. Amerika ilə İsrail arasında hərbi planların müzakirəsi, hərbi yöndə əməkdaşlıqlar bundan sonrada daha da dərinləşəcək. Amma indiki vəziyyətdə Hizbullah qruplaşmasına qarşı İsrailin hərbi əməliyyatlara başlamasına Vaşinqtonun icazə verəcəyi real görünmür. Bunun üçün bir əsas da yoxdur. Çünki, Hizbullah qruplaşması tərəfində hər hansı bir dirçəliş, hər hansı bir hücuma hazırlıq müşahidə olunmur”.
Niyaz Hacıyev
Sfera.az