Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin hələ də həll edilməməsinin onlardan və Qərb ölkələrindən asılı olmadığını bildirib. Onun sözlərinə görə, ölkəsi və ABŞ müharibənin dayandırılmasına hazırdır: "Hiss edirik ki, ABŞ yekun razılaşmaya nail olmaq istəyir və bizim tərəfdən tam əməkdaşlıq var. Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq”, – deyə Zelenski vurğulayıb.
Zelenski bu açıqlaması ilə münaqişənin bitməsinə mane olan tərəfin Rusiya olduğuna işarə edib.
Əgər belədirsə, o halda, müharibənin davam etməsi Rusiyaya hansı dividentlər gətirir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Rusiyanın iddiaları imperialist siyasətə əsaslanır.
“Bu gün Rusiyanın iddiaları onun real imkanları ilə uyğun gəlmir”, - deyən politoloqun fikrincə, Rusiyanın məqsədi yaranmış vəziyyətdən istifadə edərək Ukraynanın torpaq itkisi ilə barışmasına nail olmaqdır.
“Dörd ildir Donbası fəth edə bilməyən Rusiya ordusu indi Ukrayna ordusundan bir top mərmisi belə atmadan həmin əraziləri tərk etməsini tələb edir. Söhbət Donbasda təxminən 9 min kvadrat kilometr ərazidən gedir. Lakin bu ərazinin, daha doğrusu, Rusiyanın iddia etdiyi həmin ərazilərin tərk edilməsi əslində Ukraynaya, Nikolayevə, Dneprə və hətta Kiyevə gedən bütün yolların açılması demək olardı. Çünki Rusiyanın hazırda Donbasda saxladığı ərazilər əsasən şəhərlərin özləridir. Məsələ əsasən yüksəkliklər məsələsidir”.
Ekspertin sözlərinə əsasən, əgər Rusiyanın daha geniş miqyasda imkanı olsaydı, bütün Ukraynanı işğal etmək, hakimiyyəti dəyişmək və Rusiyanın dəstəklədiyi kukla rejimi qurmaq istəyərdi:
“2022-ci ilin fevralın 24-də Ukraynaya hücumla başlayan “İldırım sürətli plan” bu günə qədər, yəni artıq dörd ildir davam edir. Lakin Rusiya Donbasın sərhədlərini, xüsusilə də onun nəzarəti altında olan əraziləri tam şəkildə ələ keçirə bilməyib və “möhtəşəm” rus ordusu bu məqsədinə çata bilməyib. İndi Rusiya Ukrayna ordusunun təkcə Donetskin işğal olunmamış ərazilərindən deyil, həm də Xerson və Zaporojyedən çıxarılmasını tələb edir. Bu ərazilərin verilməsi rusların digər əraziləri də asanlıqla işğal etməsi üçün qapılar açır. Bu isə Ukrayna dövləti üçün ciddi təhlükədir”.
N.Miri bildirib ki, Zelenski razılaşmaya getsə, xalq və ordu tərəfindən dərhal devrilə bilər:
“Buna görə də torpaq məsələsi xalqın referendum yolu ilə öz iradəsinə buraxılmalıdır. Lakin bu, cavabı əvvəlcədən məlum olan bir sualdır. Son sosioloji sorğular göstərir ki, Ukrayna əhalisinin 74 faizindən çoxu ərazilərin verilməsinə qəti şəkildə qarşıdır və bu, gözlənilən nəticədir. Rusiya isə bundan bəhanə kimi istifadə edərək barışmaz mövqe tutur və praktik olaraq münaqişəni davam etdirmək üçün bu vəziyyətdən yararlanır. Çünki münaqişənin davam etməsi Putin rejiminin bu gün hakimiyyətdə qalmasına imkan yaradır. Başqa sözlə, müharibə Rusiya rəhbərliyi tərəfindən öz dominantlığını qorumaq üçün bir vasitə kimi qəbul edilir.
Rusiyanın bu “sarsılmaz” mövqeyi əslində onun gücü ilə deyil, dünyanın, daha dəqiq desək, bəzi Qərb dövlətlərinin qorxaqlığı ilə bağlıdır. Əgər Rusiyanın real gücü olsaydı, artıq Donbası tam işğal edər və həmin 9 min kvadrat kilometr ərazini ələ keçirərdi. Lakin göründüyü kimi, Rusiyanın buna gücü çatmır. Buna görə də Rusiyanı əməkdaşlıqdan uzaqlaşdıran onun mahiyyəti deyil, ondan çəkinən qorxaq Qərb liderləridir”.
Bəsti Rəfizadə
Sfera.az