Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, respublika BMT Təhlükəsizlik Şurasından ciddi dəstək alır. Dövlət başçısı bu açıqlamanı Venesuelada təşkil olunan Milad bazarına səfəri zamanı səsləndirib.


 


Maduronun bu bəyanatı necə dəyərləndirilir? Eyni zamanda, bu açıqlamanın ABŞ ilə münasibətlərdə mümkün gərginliyin gələcək istiqamətlərinə təsiri nə ola bilər?


 


Suallarımızı cavablandıran politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Venesuela Prezidenti Nikolas Maduronun ölkəsinin BMT Təhlükəsizlik Şurasından “ciddi dəstək” alması ilə bağlı açıqlaması daha çox siyasi ritorika və diplomatik mesaj xarakteri daşıyır.


 



 


Onun sözlərinə görə, bu bəyanat beynəlxalq institutların real fəaliyyət mexanizmlərindən çox, Venesuelanın mövcud geosiyasi mövqeyini və hakimiyyətin daxili-siyasi ehtiyaclarını əks etdirir:


 


“BMT Təhlükəsizlik Şurası konkret dövlətlərə siyasi dəstək verən platforma deyil. Şuranın qərarları daimi üzvlərin maraqları, veto hüquqları və beynəlxalq konsensus çərçivəsində formalaşır. Bu baxımdan, Maduronun “ciddi dəstək” ifadəsi hüquqi və institusional reallıqdan çox, Venesuelanın beynəlxalq arenada tam təcrid olunmadığını göstərmək məqsədi daşıyır. Xüsusilə Rusiya və Çin kimi daimi üzvlərin Venesuela məsələsində ABŞ ilə zidd mövqedə dayanması Karakasın bu arqumentdən istifadə etməsinə imkan yaradır. Bəyanatın Milad bazarı kimi qeyri-rəsmi ictimai mühitdə səsləndirilməsi isə onun əsasən daxili auditoriyaya yönəldiyini göstərir. Uzunmüddətli iqtisadi böhran, sosial çətinliklər və beynəlxalq sanksiyalar fonunda hakimiyyət üçün “qlobal dəstək” obrazının formalaşdırılması mühüm siyasi alətə çevrilib. Maduro bu açıqlamalarla həm legitimliyini möhkəmləndirməyə, həm də cəmiyyətə Venesuelanın beynəlxalq sistemdən kənarda qalmadığı mesajını verməyə çalışır”.


 


Politoloq vurğulayıb ki, bu açıqlamanın ABŞ-Venesuela münasibətlərinə təsiri isə daha çox mənfi kontekstdə qiymətləndirilir:


 


“Vaşinqton Venesuelaya qarşı sanksiya siyasətini demokratiya, insan haqları və legitim seçkilər məsələləri ilə əsaslandırır. Maduronun BMT Təhlükəsizlik Şurasını istinad nöqtəsi kimi təqdim etməsi ABŞ-yə ünvanlanmış dolayı mesajdır: Venesuela alternativ güc mərkəzləri ilə əməkdaşlıq edir və ABŞ-nin təzyiq mexanizmləri tam nəticə vermir. Bu isə kompromis axtarışlarını deyil, mövcud qarşıdurma xəttini gücləndirir. Eyni zamanda, bu ritorika ABŞ ilə münasibətlərin normallaşma imkanlarını məhdudlaşdırır və Venesuelanı daha açıq şəkildə anti-Qərb blokuna yaxınlaşdırır. Nəticədə Karakasın Rusiya, Çin və digər Qərb əleyhdarı aktorlarla siyasi və iqtisadi əlaqələri dərinləşir, bu da beynəlxalq sistemdə bloklaşmanı gücləndirir. Ümumilikdə, Maduronun bəyanatı real diplomatik dəstəkdən çox, geosiyasi mövqelənmə və daxili siyasi kommunikasiya vasitəsi kimi qiymətləndirilməlidir. Bu açıqlama ABŞ-Venesuela münasibətlərində yaxın perspektivdə yumşalma ehtimalını artırmır, əksinə, gərginliyin davamlı və idarə olunan xarakter alacağını göstərir”.


 


Niyaz Hacıyev


Sfera.az