Bəs düzgün olmayan diyet rejimi orqanizmdə hansı problemlərə səbəb olur?
Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, sosial mediada tez-tez rast gəlinən “ideal bədən” obrazları bir çox insanı qısa müddətdə nəticə vəd edən, lakin elmi əsaslara söykənməyən diyetlərə yönəldir. Onun sözlərinə görə, belə yanaşmalar ilk baxışda cazibədar görünsə də, düzgün planlaşdırılmamış və balanssız qidalanma rejimləri uzunmüddətli perspektivdə sağlamlıq üçün ciddi risklər yarada bilər:
“Ən çox rast gəlinən fəsadlardan biri vitamin və mineral çatışmazlığıdır. Xüsusilə çox aşağı kalorili və ya müəyyən qida qruplarını tamamilə istisna edən diyetlər dəmir, kalsium, B qrupu vitaminləri və D vitamini defisitinə səbəb ola bilər. Nəticədə halsızlıq, saç tökülməsi, dəri problemləri, immun sisteminin zəifləməsi və sümük möhkəmliyinin azalması kimi hallar ortaya çıxır”.
Ekspert qeyd edib ki, digər mühüm risk maddələr mübadiləsinin yavaşlamasıdır:
“Orqanizm uzun müddət aclıq vəziyyətində qaldıqda özünü qoruma mexanizmini işə salır və enerji sərfiyyatını minimuma endirir. Bu isə diyet dayandırıldıqdan sonra çəkinin sürətlə geri qayıtmasına, yəni “jojo effekti”nin yaranmasına səbəb olur. Düzgün olmayan diyetlər hormon balansına da mənfi təsir göstərə bilər. Qadınlarda menstrual dövrün pozulması, kişilərdə testosteron səviyyəsinin azalması müşahidə oluna bilər. Eyni zamanda qalxanabənzər vəzinin fəaliyyətində dəyişikliklər baş verə və bu da ümumi sağlamlıq vəziyyətini daha da ağırlaşdıra bilər”.
Bəs görəsən tez nəticə gözləntisi və sosial mediada yaradılan “ideal bədən” obrazı psixoloji vəziyyətə necə təsir göstərir?
Psixoloq Ofelya Məmmədova bildirib ki, diyeta və həyat tərzi dəyişiklikləri zaman tələb edir. Onun sözlərinə görə, qadın psixologiyasında görünüşlə bağlı həssaslıq bu prosesi gözləməyi çətinləşdirir:
“Çəkidə azalma gecikdikcə insan özünü uğursuz hesab etməyə başlayır, motivasiya azalır və “daha tez yol” axtarışı ön plana çıxır. Məhz bu mərhələdə bəzi insanlar cərrahi müdaxiləni çıxış yolu kimi görür. Əməliyyat qısa müddətdə nəticə vəd etdiyi üçün cazibədar təsir bağışlayır. Ancaq çox vaxt psixoloji hazırlıq olmadan verilən bu qərar sonradan məyusluqla nəticələnə bilər. Çünki dəyişən bədən olur, düşüncə tərzi və yemək davranışları isə eyni qalır”.
Psixoloq psixoloji uyğunlaşma olmadan əldə edilən sürətli nəticələrin adətən davamlı olmadığını da diqqətə çatdırıb:
“İnsan yenidən bədəni ilə narazılıq hiss edə, gözləntilərini artıraraq daxili boşluq yaşaya bilər. Bu vəziyyət isə ardıcıl yeni müdaxilələrə ehtiyac duyulması ilə nəticələnir. Sağlam arıqlama səbr, özünəmərhəmət və davamlılıq tələb edir. Əsl dəyişiklik tərəzidəki rəqəmdən əvvəl düşüncədə başlamalıdır. Bədənlə mübarizə aparmaq deyil, onu anlamaq psixoloji rifahın əsas şərtidir. Unutmaq olmaz: sürətlə dəyişən bədən yox, dəyişməyə hazır olan düşüncə qalıcı nəticə yaradır”.
Niyaz Hacıyev
Sfera.az