Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda verdiyi açıqlamalarda ölkəsinin üzləşdiyi bəlalarda birbaşa və dolayı yolla Rusiyanı günahlandırmasına baxmayaraq, Rusiyadan ona edilən bütün dəvətləri məmnuniyyətlə qəbul edir.
O, Kreml sahibi Vladimir Putinlə görüş və müzakirələrdən yayınmır. Maraqlıdır, Paşinyanın bu addımlarında əsas məqsəd nədir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Paşinyan ikili oynayır. Onun sözlərinə görə, Paşinyanı siyasi lider kimi ictimai şüuru idarə etməyə meyilli və bir az manipulyasiyanı sevən siyasətçidir:
“Bu da onun jurnalist kimliyindən irəli gəlir. Onun indiyədək hakimiyyətdə qalmağının da əsas səbəblərindən biri də daxili ictimai şüuru formalaşdırmasıdır. Eyni zamanda, beynəlxalq ictimai rəydə də həm Qərblə, həm də Rusiya ilə münasibətləri tənzimləyir. Əslində, Paşinyanın anti-Rusiya açıqlamalarının kökündə də Qərbə xoş gəlmək və bunun nəticəsində maliyyələşmək və təhlükəsizlik çətiri almaq kimi məsələlər dayanır. Ümumiyyətlə, Paşinyan Qərbyönümlü siyasətçidir. Digər bir yandan da Rusiyanı qıcıqlandırmaq istəmir. Ermənistanın Rusiyada hərbi bazası var. Ermənistan Qərblə Rusiya arasında poliqona çevrilmək istəmir. Belə bir məqamda o lazım gəlsə, 3 stulda da oturacaq – ABŞ, Rusiya və Avropa”.
K.Novruzovun fikrincə, mümkün sülh sazişi imzalanandan sonra Ermənistanın Rusiyadan asılılığı xeyli dərəcədə azalmış olar:
“Çünki artıq Türkiyə faktoru ortaya çıxacaq. Belə ki, Türkiyə Ermənistanın təhlükəsizliyinə təminat verə bilər. Belə olarsa, Ermənistan Rusiyadan uzaqlaşa bilər”.
Firuzə Əliyeva
Sfera.az