Azərbaycan Prezidenti 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edib. Bu qərar ölkədə şəhərsalma və müasir memarlığın inkişafına xüsusi diqqətin göstəricisi kimi qiymətləndirilir.




Memar Muxtar Ərturan Sfera.az-a açıqlamasında bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi əhəmiyyətlidir. 




M.Ərturan qeyd etdi ki, Azərbaycanda son illərdə tikinti işləri genişlənib, Qarabağda yenidənqurma işləri gücləndirilib:


 


"Bakıda şəhərləşmə və ya şəhərləşmə istiqamətində yeni binalar inşa edilir. Hər zaman görürük ki, Azərbaycanda infrastruktur və yaşıl enerji layihələrinə böyük əhəmiyyət verilir. Bu fonda düşünürəm ki, 2026-cı ildə şəhərsalma və memarlıq sahəsində daha da çox irəliləyiş olacaq və ölkədə infrastruktur və yaşıl enerji layihələrinin sayı artacaq”.


 





Memarın fikrincə, Azərbaycanın bəzi şəhərlərində hələ də infrastruktur problemləri, köhnəlmə, parkların təminatı və bəzi layihələrin nisbətən zəif icrası ilə bağlı çətinliklər vardır:




“Bir peşəkar, inşaatçı və mühəndis kimi ümid edirik ki, gələcəkdə bu cür layihələr daha da inkişaf etdiriləcək, infrastruktur və bərpa layihələri, vətəndaşların sağlamlığı və rahatlığına xidmət edən formatda böyük həvəslə hazırlanacaq və xalqımız bundan faydalanacaq. Müasir memarlığın inkişafı istiqamətində Azərbaycanda artıq uzun müddətdir müəyyən addımlar atılır. Buna misal olaraq Üç Alov Qülləsi, “Crescent Mall”, "Sea Breez" və "Port Baku" kimi böyük layihələri göstərmək olar. Bundan əlavə, Azərbaycanda bir sıra kiçik ölçülü layihələr də öz sözünü deməkdədir və 2026-cı ildə düşünürəm ki, bu formatda layihələr daha da artacaq”.




Bəsti Rəfizadə

Sfera.az