Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) 2036-cı ilədək Ayda enerji stansiyası qurmağı planlaşdırdığını açıqlayıb. Qurumun yaydığı rəsmi məlumatda bildirilib ki, layihə Ayda daimi elmi fəaliyyətin təmin olunmasına yönəlib.




Sfera.az xəbər verir ki, qurumdan yayılan məlumata görə, “Roskosmos” bu məqsədlə “Lavoçkin” adlı kosmik texnologiyalar şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Razılaşmaya əsasən, tərəflər Ay istiqamətində birgə elmi və texniki tədqiqatlar aparacaqlar.




Açıqlamada vurğulanıb ki, nəzərdə tutulan enerji stansiyası fasiləsiz işləyən elmi Ay stansiyasının yaradılması və Rusiyanın uzunmüddətli Ay tədqiqat proqramına keçidi baxımından mühüm addım hesab olunur.




Qeyd edək ki, ABŞ-nin 2030-cu ilədək Ayda baza qurulması ilə bağlı planlarını açıqlamasından sonra kosmos sahəsində rəqabət daha da güclənib. Bu fonda Rusiyanın yeni təşəbbüsü diqqət çəkib.




Xatırladaq ki, “Roskosmos” ilə Çin Milli Kosmik İdarəsi arasında 2021-ci ildə Ayda elmi araşdırmalar aparmaq məqsədilə birgə stansiyanın yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.




Bəsti Rəfizadə

Sfera.az