2026-cı ildən Azərbaycanda avtomobil, mobil telefon və spirtli işkilər bazarında qiymət artımlarının olması gözlənilir.
Sfera.az xəbər verir ki, növbəti ildən etibarən elektrik və hibrid mühərrikli avtomobillərə tətbiq edilən vergi güzəştlərinin ləğvi bu nəqliyyat vasitələrinin qiymətlərinə birbaşa təsir göstərəcək.
Gözləntilərə görə, bu addım yalnız yeni avtomobillərin deyil, eyni zamanda "ikinci əl" avtomobil bazarında da qiymət artımına səbəb olacaq. Xüsusilə son illər ekoloji üstünlüklərinə görə tələbatın artdığı elektrik və hibrid avtomobillərin bahalaşması ümumi bazar balansını dəyişə bilər.
Gələn ildən istehsal tarixi 3 ilə qədər olan elektrik və hibrid avtomobillərin idxalına görə 18 faiz əlavə vəsait tutulacaq. Hazırda idxal xərci 25 min manat olan avtomobillərin alışı üçün yanvardan 29,5 min manat ödəniləcək. Bu, ucuz avtomobildə 4,5 min manat artım deməkdir. Dəyəri 40 min manat olan avtomobildə isə idxal xərcində artım 7,2 min manat təşkil edəcək.
Yeni avtomobillərin qiymətində baş verəcək belə böyük artım "ikinci əl" avtomobillərə tələbi artıracaq. Çünki bahalaşan yeni avtomobilləri ala bilməyən şəxslər məcbur olub "ikinci əl" bazarına müraciət edəcək. Tələbdəki bu dəyişiklik işlənmiş avtomobillərin qiymətində də artıma səbəb olacaq.
Telefon bazarında bahalaşma gözlənilir
2026-cı ildən etibarən mobil telefonların qiymətində ən azı 20 manatlıq artım proqnozlaşdırılıb. Vergi və gömrük xərclərinin yüksəlməsi, həmçinin idxaldan asılılıq bu artımın əsas səbəbləri sırasında göstərilib. Bu isə xüsusilə orta və aşağı qiymət seqmentində olan telefonlara tələbatın azalmasına gətirib çıxara bilər.
Spirtli içkilər də bahalaşan məhsullar sırasındadır
Aksiz dərəcələrinin artırılması spirtli içkilərin satış qiymətlərinə birbaşa təsir göstərəcək. İqtisadçılar hesab edir ki, bu sahədə qiymət artımı yalnız istehlakçı xərclərini artırmayacaq, eyni zamanda qeyri-rəsmi satış risklərini də yüksəldə bilər.
Bəsti Rəfizadə
Sfera.az