Uzun illər davam edən qarşıdurma və qapalı sərhədlərdən sonra Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində ilk praktik iqtisadi addımlardan biri atılıb. Belə ki, dekabrın 19-da Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılması regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Bu addım təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm siqnal hesab olunur. Belə ki, 30 ilə yaxın müddətdə iki ölkə arasında faktiki olaraq ticarət əlaqələri mövcud olmayıb və tərəflər bir-birini yalnız vasitəçi ölkələr üzərindən dolayı yollarla təmin ediblər.
Maraqlıdır, bu proses növbəti mərhələdə hansı məhsulların ixracı və ya idxalı ilə davam edə bilər? İki ölkə arasında ticarət əlaqələrinin bərpası regional iqtisadiyyata və siyasi münasibətlərə hansı təsirləri göstərəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycan yanacağının Ermənistana getməsi 30 ildən sonra baş verən ilk ticarət əməliyyatıdır. Onun sözlərinə görə, ticarət ancaq münasibətlər sülh üzərində qurulduğu zaman baş verir:
“Bu barışıq mərhələsinə keçmək çox çətin və emosional andır. Millətimiz öz həyatını fəda verib bu hadisələrə. Bundan o tərəfi yoxdur. Bu mühitdə siyasi nöqteyi-nəzərdən hər hansısa sülh dialoqunun aparılması çox çətindir, ancaq ticarət hər zaman bu prosesi yumuşalda biləcək bir haldır. Hər iki tərəf yaşamaq üçün qazanmalıdır, qazanmaq üçün də ticarət lazımdır. Bu düsturdur. Bəşəriyyət belə qurulub. Bu halın baş verməsi müsbət haldır”.
F.İbrahimov qeyd edib ki, Azərbaycan və Ermənistanda qarşılıqlı ticarət üçün kifayət qədər məhsullar var. Onun sözlərinə görə, tərəflər tranzit imkanlarından da faydalana bilər:
“Məsələn, yanacaqdan sonra digər neft məhsullarının, qazın, inşaat materialları, kimya sənayesi, bəzi kənd təsərrüfatı mallarının ixracı mümkün ola bilər. Eyni zamanda, Ermənistandan da kənd təsərrüfatı məhsulları idxal oluna bilər. Bununla yanaşı, tranzit imkanlarından istifadə mümkündür. Ermənistanın bu gün ən iri ticarət partnyoru Rusiyadır, lakin Rusiyaya keçid üçün onlar mütləq Gürcüstanın Yuxarı Lars qapısı deyilən keçiddən keçirlər. Bu da mövsümi olaraq çətinlik yaradır. Belə ki, qışda keçid ağırlaşır, yayda da çoxsaylı minik avtomobilləri və turistlərin əlindən orada iri həcmli avtomobillərin hərəkəti çətinləşir. Bu da öz növbəsində məhsulların zamanında çatdırılmasında problem yaradır. Beləliklə, bu yol çox əziyyətlidir.
Ermənistan Azərbaycan ərazisindən keçərək Rusiyanın qərbinə, şərqinə, həmçinin mərkəzi hissəsinə hərəkət edə bilər. Azərbaycan üçün isə Zəngəzur dəhlizi gündəmdə olsa da, Tovuz və Qazax kimi digər rayonlar vasitəsilə hərəkətlər bölgənin ticarət aktivliyinə, müxtəlif xidmətlərin və servislərin yaranmasında, iş yerlərinin açılmasında müsbət rol oynaya bilər. Bu istiqamətdə bu proseslər davam etsə, siyasi nöqteyi-nəzərdən yox, iqtisadi tərəfdən sülhə daha tez çata bilərik. Bu isə hər iki tərəfə lazımdır”.
Firuzə Əliyeva
Sfera.az