Payız-qış mövsümünün başlaması ilə Azərbaycanda dəm qazından zəhərlənmə halları yenidən artmaqdadır. Rəsmi məlumatlara əsasən, son illər ölkədə hər il 30–50 arası insan dəm qazından zəhərlənərək həyatını itirir, yüzlərlə vətəndaş isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilir.
Fövqəladə Hallar Nazirliyinin açıqlamalarına görə, bu hadisələrin 80 faizdən çoxu yaşayış evlərində, əsasən də fərdi evlərdə və köhnə çoxmənzilli binalarda baş verir. Mütəxəssislər bildirirlər ki, dəm qazı zəhərlənmələrinin əsas səbəbləri sırasında tüstü bacalarının vaxtında təmizlənməməsi, texniki nasazlıqlar, qeyri-peşəkar müdaxilələr və təhlükəsizlik qaydalarına əməl olunmaması xüsusi yer tutur.
Bəs dəm qazı riski ən çox hansı hallarda yaranır və bu təhlükənin qarşısını almaq üçün hansı radikal addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən yanğın təhlükəsizliyi məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, yay fəslinin başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərininişə salırlar. Soba, kombi, komin və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Onun sözlərinə görə, çox vaxt diqqətdən yayınan, amma insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən bir məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir:
“Tüstü bacaları evin tüstüsünü çıxaran sadə bir mexanizm deyil, dügün işləməyən baca insan həyatı üçün böyük təhlükə yaradır. Dəm qazı zəhərlənməsi, yanğın və digər faciələr məhz buradan başlayır. Təəssüf ki, ölkəmizəd hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələrin çoxu ölümlə nəticələnir. Statistikaya görə, hər il onalrla insan məhz dəm qazı səbəbindən həyatını itirir. Baş verən hasidələsin də böyük əksəriyyəti bacaların vaxtında təmizlənməməsi və texniki nasazlıq ucbatından baş verir. Bir çox fərdi evlərlə tüstü bacaları illərlə təmizlənmir. Çoxmənzilli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin təmizlənməsi mənzil kommunal təsərrüfatı idarələrinin və ya MTK-ların öhdəliiynə düşsə də, çox vat bu işlər lazımı qaydada icra olunmur. Problemlərin ən böyüyü bacaların köhnəlməsidir. Sovet dövründə tikilmiş binalarda, köhnə fərdi evlərdə illərlə təmizlənməyən tüstü bacaları artıq təmamilə yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar – bütün bunlar dəm qazının evə dolmasına səbəbdir”.
O.Musayev qeyd edib ki, digər səbəb isə insanaların qeyri-peşəkar müdaxiləsidir:
“Çox vaxt ev sahibləri bacaları özləri açmağa və təmizləməyə çalışırlar, amma bu təhlükəni aradan qaldırmır, əksinə daha da artırır. Düzgün təmizlənməyən baca zədələnə bilər və beləliklə qaz evə sıza bilər. Bu işlərin icrası mütləq ixtisaslaşmıış təşkilatllar tərəfindən icra olunmalıdır. Qanunvericiliyə görə, fərdi evlərdə bacaların işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir. Çoxmənzilli binalarda isə mənzil kommunal idarələrinin və MTK-ların öhdəsinə düşür. Lakin real vəziyyətdə insanlar çaşqınlıq içindədirlər çünki kimə müraciət edəcəklərini bilmirlər. Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmət sistemi yradılmalıdır. Bacaların təmizlənməsi yanlız ixtisaslaşmış xidmətlər tərəfindən icra olunmalıdır. Vətəndaş ev sahibidirsə, çoxmənzilli binada yaşayırsa, dövlətiin tanıdığı rəsmi quruma müraciət etməlidir. Bu halda həm məsuliyyət dağınıq olmaz, həm də xidmətin keyfiyyətinə zəmanət verilər. Belə bir sistem yaradılsa, insanlar hara müraciət etməli olduğunu bilər, dövlət də bacaların təhlükəsizliyinin nəzarətini təmin edə bilər. Bu, ölkədə dəm qazı zəhərlənəmlərinin qarşısını almaq üçün atılmalı olan əsas addımlardan biridir”.
Mütəxəssis beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazı detektorlarının əhəmiyyətini də vurğulayıb:
“Bu detektorlar kiçik, sadə cihazdır, batareya ilə işləyir və baha deyil, amma həyatı əhəmiyyət kəsb edir. Qaz evdə toplanmağa başlayanda cihaz evdə səs verir, insan dərhal anlayır ki, təhlükə var və müvafiq tədbirlər görür. Avropa ölkələrində bu cihazların istifadəsi məcburi xarakter daşıyır. Məsələn, Böyük Britaniyada, Almaniyada, Skandinaviya ölkələrində qaz cihazı quraşdırılan hər ölkədə detektor da quraşdırılır. Orada bu, qanuni tələbdir. Bu qaydalar illərin acı təcrübəsindən sonra qəbul olunub və minlərlə insanı həyatını xilas edib.Təəssüf ki, bizdə bu hələ geniş yayılmayıb. Halbuki, hər bir evdə qaz detektoru olsa, dəm qazı faciələrinin böyük hissəsinin qarşısı alınar. Hər il ölkəmizdə baş verən dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. Bunun üçün məsuliyyətli olmaq, bacaların təmizlənməsinə və müvadiq təmizlik tədbirlərinin vaxtında və fasiləsiz yerinə yetirilməsinə diqqət etməliyik”.
Firuzə Əliyeva
Sfera.az