Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) hazırkı siyasətini sərt tənqid edərək, Birliyin təhlükəli istiqamətdə irəlilədiyini bildirib. Onun sözlərinə görə, Aİ fərqli siyasi kurs seçməzsə, 2026-cı ildə bütün Avropa müharibənin birbaşa iştirakçısına çevrilə bilər. Orban Brüsseldə qəbul edilən qərarların Ukraynadakı müharibəni daha da alovlandırdığını, Avropa İttifaqının isə getdikcə daxili parçalanma və zəifləmə mərhələsinə daxil olduğunu iddia edib. Macar lideri Aİ daxilində sülh və müharibə tərəfdarları arasında ciddi qarşıdurmanın mövcud olduğunu vurğulayaraq, bu ziddiyyətlərin Birliyin gələcəyini sual altına aldığını söyləyib.




Aİ-nin mövcud siyasəti dəyişməzsə, Orbanın iddia etdiyi kimi 2026-cı ildə Avropanın müharibəyə cəlb olunması nə dərəcədə realdır? 




Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.


 


Politoloqun sözlərinə görə, Aİ ətrafında baş verən hadisələr onu göstərir ki, qlobal nizam ciddi dəyişiklik mərhələsinə doğru irəliləyir:




“Bu isə yaxın gələcəkdə mövcud beynəlxalq hüquq normalarının real təsir gücünün xeyli zəifləyəcəyini göstərir. Hazırda əsas məsələ ondan ibarətdir ki, ABŞ Rusiya ilə ortaq mövqedən çıxış edərək təkcə Ukraynanı deyil, eyni zamanda Avropa Birliyini də prosesdən kənarlaşdırmağa nail olub. Yəni hazırda Ukrayna savaşının dayandırılması ilə bağlı aparılan danışıqlar prosesində, xüsusilə sülh danışıqlarında ABŞ demək olar ki, birbaşa iştirakçı deyil. Halbuki ABŞ indiyə qədər Ukrayna savaşının həm dolayı iştirakçısı, həm də siyasi-hüquqi təminatçısı rolunda çıxış edirdi. ABŞ Ukraynaya həm siyasi, həm də hüquqi dəstək verir, maliyyə-iqtisadi yardımlarla yanaşı, Ukraynanın maraqlarını beynəlxalq müstəvidə hüquqi və siyasi baxımdan əsaslandırmağa çalışırdı. Lakin Tramp administrasiyasının strategiyası elə bir situasiya yaradıb ki, hazırda ABŞ demək olar ki, strateji vakuuma düşmüş kimi görünür. Yəni ABŞ mövcuddur, lakin demək olar ki, heç nəyə təsir göstərə bilmir. Bu vəziyyət istər-istəməz qurum daxilində ciddi ziddiyyətlərin artmasına səbəb olur. Çünki ABŞ daxilində bəzi dairələr hesab edirlər ki, ABŞ dünyanın siyasi mərkəzidir və qlobal proseslərin, yaxud qlobal problemlərin həlli məhz onun iştirakı ilə mümkün olmalıdır”.


 





Ekspert mövcud situasiyanın bunun tam əksini göstərdiyini bildirib:




“Avropa dövlətləri Ukrayna prosesi ilə bağlı danışıqlara yaxın buraxılmır. Düzdür, ABŞ-yə aid olan nizamlanma və sülh planları gündəmə gətirilir, lakin hələlik həmin planların ümumi proses çərçivəsində ön plana çıxma ehtimalı o qədər də inandırıcı görünmür. Təbii ki, bu vəziyyət Avropa Birliyi daxilində daxili ziddiyyətlərin daha da dərinləşməsinə yol açıb. İlk növbədə Ukrayna savaşı dayanacağı təqdirdə Avropanın Rusiya tərəfindən hədəfə alınacağını iddia edən bəzi Avropa dövlətləri bu müharibənin davam etdirilməsində maraqlı olduqlarını gizlətmirlər. Digər Avropa dövlətləri isə hesab edirlər ki, Ukrayna savaşı Avropa iqtisadiyyatına sarsıdıcı zərbələr vurur və “qoca qitə” ölkələri artıq bu müharibədən yorulub. Onların fikrincə, əgər bu proses belə davam edərsə, yaxın gələcəkdə Avropa qitəsini dərin sosial-iqtisadi və siyasi böhran bürüyə bilər. Bu isə Avropada hətta vətəndaş toqquşmalarına qədər inkişaf edə biləcək kataklizmlərin ortaya çıxması deməkdir”.




E.Xalidbəyli Macarıstanın Baş naziri Viktor Orbanın mövcud vəziyyəti daha radikal şəkildə izah etməyə çalışdığını bildirib:




“O hesab edir ki, Ukrayna savaşının uzadılmasında maraqlı olan Avropa dövlətləri əslində Avropanın gələcəkdə birbaşa müharibə iştirakçısına çevrilmə ehtimalını artırırlar. Orbanın fikrincə, 2026-cı ildə elə bir situasiya yarana bilər ki, Avropa Birliyinə üzv olan bəzi dövlətlər Ukrayna savaşının birbaşa iştirakçısına çevrilsinlər. Bu isə Rusiyanın Avropa ölkələrinə qarşı hərbi zərbələr endirməsi üçün bəhanə qazanmasına səbəb ola bilər. Nəticədə Ukrayna savaşı Avropa qitəsinə keçmiş olar. Beləliklə, hazırda iki istiqamətli təhlükənin mövcud olduğu müşahidə olunur.


Birinci təhlükə Orbanın da qeyd etdiyi kimi, Ukrayna savaşının Avropa Birliyi məkanına keçməsi ehtimalıdır. İkinci təhlükə isə Avropa Birliyi daxilində dərinləşə biləcək sosial-iqtisadi və siyasi böhranların genişmiqyaslı vətəndaş itaətsizliyi ilə müşayiət olunmasıdır. Bu isə faktiki olaraq vətəndaş müharibəsinə yaxın bir vəziyyətin yaranması demək olar. Bu baxımdan, böyük ehtimalla hazırda təkcə Ukraynanın gələcək taleyi deyil, eyni zamanda Avropa Birliyinin də gələcək taleyi müəyyənləşdirilir”.




Bəsti Rəfizadə

Sfera.az