"Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq".
Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirib.
Cənab prezidentin sözlərindən aydın olur ki, qızılın dəyərinin artması Azərbaycanın ehtiyatlarının artmasına müsbət təsir etdiyi kimi, qiymətlərin azalması ehtitarların həcminə mənfi təsir göstərə bilər.
Bu ehtimal daxilində sual yaranır: Neft Fondunun və dövlət büdcəsinin maliyyə risklərinin azaldılması üçün yeni ehtiyat modelinin formalaşdırılması mümkündürmü?
Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov qeyd edib ki, cənab Prezidentin verdiyi açıqlama həqiqətən də düzgün məntiqlə hesablanmış bir məsələdir.
Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda aktivlərin qorunması və maliyyə sisteminin idarə olunması bir sıra baş verə biləcək risklərin qiymətləndirilməsi və nəzarət altında saxlanılması metodikası ilə həyata keçirilir:
“Risklər öncədən hesablanır və düşünülmüş addımlar atılır. Bu yanaşma ölkəmizdə təqdimatdan bəri tətbiq olunan bir praktikadır. Məlumdur ki, ölkələrdə hər hansı problem, kataklizm, iqtisadi və ya siyasi qarşıdurma, xaos yarandığı zaman insanlar, vətəndaşlar, hətta dövlətlər belə öz sərvətlərini daha etibarlı formada saxlamağa çalışırlar. Bir çox hallarda müşahidə edirik ki, insanlar qiymətli metallar alır, vəsaitlərini daha etibarlı valyutalarda saxlamağa üstünlük verirlər. Lakin belə dövrlərdə “etibarlı valyuta” anlayışı da müəyyən risklər daşıyır. Bəs bu halda əsas üstünlük nəyə verilir? Qızıl və daşınmaz əmlaka. Elə buna görə də hazırda dünyada, eləcə də Azərbaycanda daşınmaz əmlakın qiymətləri kifayət qədər yüksəlib, hətta fantastik həddə çatıb. Eyni proses qiymətli metallarda, xüsusilə də qızılda müşahidə olunur”.
Ekspertin sözlərinə əsasən, bir sıra dövlətlər, o cümlədən Azərbaycan hökuməti də öz aktivlərini qiymətli metallarda saxlamağa üstünlük verib və bu, düzgün qərar olub:
“Məhz bu qərarın nəticəsində Dövlət Neft Fondunun ehtiyatları təxminən 10 milyard ABŞ dolları həcmində artıb. Qızılın qiymətinin artması təsadüfi deyil. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dünya düzəni ciddi şəkildə pozuldu. Yaxın Şərqdə baş verən proseslər, Karib dənizi ətrafında yaşanan hadisələr, Venesuela və digər ölkələrdəki vəziyyət fonunda dünya sürətlə silahlanmaya doğru gedir. Belə bir xaos şəraitində insanlar etibarlı limanlar axtarmağa başladılar və qızıl zinət əşyasından daha çox investisiya alətinə çevrildi. Bu şəraitdə Azərbaycan Dövlət Neft Fondu da həmin istiqamətdə alışlar həyata keçirdi. Qızılın qiymətinin ən azı 2026-2030-cu illər arasında ciddi şəkildə ucuzlaşacağını düşünmürəm. Əksinə, 2026-cı ildə qiymətlərin bir qədər də artacağı ehtimalı yüksəkdir, xüsusən də mövcud qlobal proseslər davam edərsə. Qiymətlərin düşməsi ehtimalına gəlincə, cənab Prezidentin də haqlı olaraq qeyd etdiyi kimi, bu halda ehtiyatlarımız müəyyən qədər azala bilər. Lakin bu azalma birbaşa dövlət büdcəsinə təsir göstərməyəcək. Məlumdur ki, hazırda Mərkəzi Bank və Dövlət Neft Fondunun birgə ehtiyatları təxminən 83-84 milyard ABŞ dolları civarındadır. Bu isə hökumət üçün kifayət qədər güclü “təhlükəsizlik yastığı” deməkdir”.
A.İbrahimov söylədi ki, hazırda Azərbaycanın kifayət qədər böyük ehtiyatları var:
“Birbaşa təsir olmasa da, dolayı təsir mümkündür. Belə ki, Neft Fondundan büdcəyə edilən transfertlərdə müəyyən limitlər qorunacaq və daha ehtiyatlı davranılacaq. Yeni ehtiyat modeli dedikdə, dünyada tətbiq olunan müxtəlif mexanizmlər nəzərdə tutulur. Buraya istiqrazlar və digər maliyyə alətləri daxildir. Qeyd etdiyiniz bütün bu mexanizmlər Azərbaycan hökuməti tərəfindən əvvəlcədən düşünülüb və mərhələli şəkildə tətbiq olunub. Yəni risklər diversifikasiya edilib. Məhz bu, atılan addımların uğurunun əsas səbəbidir. Hazırda həm xarici valyutada ehtiyatlarımız var, həm qiymətli metallarda, həm istiqrazlar formasında, həm də daşınmaz əmlak şəklində ehtiyatlarımız mövcuddur”.
Bəsti Rəfizadə
Sfera.az