Bakı şəhərində tıxac problemi getdikcə ağırlaşır. Artıq mövcud yol infrastrukturunun bir hissəsi avtomobillərin artan hərəkət intensivliyini qarşılaşamaq gücündə deyil. Mövcud vəziyyət paytaxtın yol infrastrukturunda təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. 




Bakıdakı tıxacları azaltmaq üçün yol infrastrukturunun hansı hissələrində təkmilləşdirilmə işləri aparılmalıdır? Yeni yollara və yol ötürücülərinin inşasına ehtiyac varmı?




Bu barədə nəqliyyat eksperti Adil Nəbiyev Sfera.az-a açıqlama verib.


 


Ekspert tıxac məsələsinin aradan qaldırılması üçün atılan addımların, görülən işlərin kompleks xarakter daşımalı olduğunu vurğuladı:




“Sadəcə yeni yollar çəkməklə iş bitmir. İnsanların müəyyən zaman kəsiyində olan aktivliyini də azaltmaq lazımdır. Bunun üçün insanların iş saatları da fərqli olmalıdır. Çox iş yerində insanlar eyni vaxtda işə gedib, eyni vaxtda işdən çıxırlar. Yeni sistemə keçilməlidir və elə etmək lazımdır ki, iş yerlərində sıxlıq azalsın. İnsanların əksəriyyəti səhər saat 9-da işə gedib axşam 6-da gəlməməlidir. Bu həm böyük problem yaradır, həm də əlavə sıxlığa səbəb olur. 

Bəzi iş yerlərində işə başlama vaxtında dəyişiklik edilib. İşçilərin yarısı günortayadək, yarısı günorta sonrası, bəziləri isə müəyyən günlərdə işləyır. Beləliklə, məsafəli iş və növbəli iş sistemi ilə bu tənzimləmələr mümkündür. Pandemiyadan sonra bəzi banklarda artıq həftədə bir-iki gün məsafədən iş rejimi tətbiq olunur. Hansı işlərdə mümkündürsə, bu formaya keçmək faydalı olar”.




Mütəxəssisin sözlərinə görə, yollarda yaranan problemlər də böyükdür. Onun fikrincə, daha çox tıxac Neftçilər prospektinə birləşən küçələrdə və Azadlıq prospekti ilə əlaqəli olan küçələrdə qeydə alınır. Ekspert dedi ki, adıçəkilən prospektlərdə mütləq yeni tunellər və əlavə yollar inşa edilməlidir:


 


"Məsələn, Tiblisi prospektində həmişə tıxac yaranır. Gecə saatlarında da yolun müəyyən hissələrində sıxlıq olur. Bunun tənzimlənməsi mümkündür. Sumqayıt-Bakı, Xırdalan istiqamətləri üzrə olan yollarda gündüz və axşam sıxlıq müşahidə edilir. Kürdəxanı istiqamətində isə yol həmişə yüklənir".


 



Həmsöhbətimiz hesab edir ki, şəhər ətrafı yaşayış məntəqələrinə relsli nəqliyyat vəsitələrinin çəkilməsi, eləcə də metro stansiyalarının sayının artırılması sürətləndirilməlidir:


 


"Şəhər ətrafında yerləşən qəsəbələrlə əlaqələri təmin edən qatar marşrutlarının sayı çox azdır. Hazırda sürət qatarları işləyir, amma sayı azdır və interval çoxdur. Metro sisteminin inkişafı planlaşdırılır, amma çox yavaş həyata keçirilir, yeni xətlər uzun illərdən sonra açılır".




 

A.Nəbiyevin fikrincə, Bakıda ictimai nəqliyyatda xidmət göstərən avtobusların da sayı artırılmalıdır:


 


"Təxminən 2500 avtobus fəaliyyət göstərir, halbuki sayı 4-5 min olmalıdır ki, tələbat ödənilsin. Xətlər üzrə avtobusların sayı ən azından günün müyyən saatlarında, yəni sıxlığın artdığı vaxtda artırılmalıdır”. 




Bəsti Rəfizadə

Sfera.az