Hüquqşünas Babək Həmidov alimentlə bağlı mövcud qanunvericilik və məhkəmə təcrübəsindəki boşluqlara diqqət çəkib.


 


Sfera.az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, ailə qanunvericiliyində alimentin aşağı həddi müəyyən edilsə də, yuxarı həddin göstərilməməsi nadir hallarda olsa belə, ağlabatanlıqdan kənar məhkəmə qərarlarının qəbuluna səbəb olur.


 


Hüquqşünas bildirib ki, məhkəmə təmsil etdiyi şəxsin aylıq gəlirinin 1/4 hissəsinin aliment kimi tutulmasına dair qərar verib və bu qərar formal olaraq qanunauyğundur. Lakin Babək Həmidovun sözlərinə əsasən, həmin şəxsin gəlirləri sabit deyil: aylıq qazancı 10 ay ərzində 2000 manat, ilin 1-2 ayında isə 25 min manatdan çox olur.


 


Nəticədə, 9 aylıq uşaq üçün alimentin bəzi aylarda 2000 manat, digər aylarda isə 25 min manatdan artıq olması tələb edilir ki, bu da onun fikrincə, nə ağlabatandır, nə də aliment anlayışının mahiyyətinə uyğundur.


 


Hüquqşünas qeyd edib ki, Ali Məhkəmənin son dövrlərdə qəbul etdiyi plenum qərarları məhkəmələrdə ədalətin təmin olunmasında mühüm rol oynayır. Bununla belə, hər bir məsələdə plenum qərarının və ya formalaşmış məhkəmə təcrübəsinin olmamasını əsas gətirməyi düzgün yanaşma hesab etmir.


 


Onun fikrincə, məhkəmələr təkcə qanunu tətbiq edən orqan kimi yox, eyni zamanda hüquqyaradıcı mövqedən də çıxış etməlidirlər.


 


Babək Həmidov əlavə edib ki, sözügedən iş üzrə məhkəmədən alimentin aylıq 2000 manat məbləğində sabit pul şəklində müəyyən edilməsi xahiş olunub.


 


Firuzə Əliyeva


Sfera.az