İranda sosial-iqtisadi çətinliklər fonunda artıq 10 gündən çoxdur davam edən etiraz aksiyaları ölkədə gərginliyi artırmaqda davam edir. Proseslərin fonunda İran Prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini maksimum təmkinli davranmağa çağırıb.
Bu çağırış hakimiyyətin mövcud vəziyyəti nəzarətdə saxlamaq və gərginliyin daha da dərinləşməsinin qarşısını almaq niyyəti kimi qiymətləndirilir.
Belə bir şəraitdə iqtisadi vəziyyətin qısa müddətdə stabilləşməsi mümkündürmü? Etirazların səngiməsi ehtimalı varmı, yoxsa proses daha genişmiqyaslı xarakter ala bilər?
Suallarımızı cavablandıran siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, İranda sosial-iqtisadi çətinliklər əsas gətirərək başlayan etirazlar, ilk növbədə, rejimin daxili böhranının əlamətidir. Onun sözlərinə görə, nüvə proqramı çərçivəsində ölkənin illərdir sanksiyalara məruz qalması və dövlətin iqtisadi sahədə gözlə görünən nəticələr qazana bilməməsi xalqı etirazlara sövq edən əsas səbəblərdir:
“Bununla paralel, ölkənin ağır sosial-iqtisadi vəziyyətinə baxmayaraq, İran rejimi illərdir Yaxın Şərqdə paramilitar qruplaşmaların yaradılmasına milyardlarla vəsait sərf edib, bu isə iqtisadiyyatı olduqca dar boğaza salıb. Ancaq mövcud proseslərin təkcə iqtisadi çətinliklərlə əlaqəli olduğunu düşünmək yanlışdır, xarici aktorların iştirakı da qaçılmazdır. Hadisələr zəncirvari xətt üzrə inkişaf edir: İranda etirazlar başlayır, İsrail baş naziri Netanyahu ABŞ-yə səfər edir və Donald Tramp etirazçılara dəstəyini səsləndirir. Trampın bəyanatı, yəni etirazçıların həyatını düşünürmüş kimi göstərməsi, əslində, İrana qarşı mümkün hərbi müdaxilələri legitimləşdirmək məqsədindən irəli gəlir".
Siyasi şərhçi vurğulayıb ki, 12 günlük hərbi əməliyyatlar zamanı ABŞ və İsrail taktiki hədəflərə nail olsalar da, strateji məqsədlərə çatmaq mümkün olmayıb:
“Strateji maraq, İranın əlindəki təxminən 400 kq və 60 faiz zənginləşdirilmiş uran ehtiyyatıdır. Vaşinqton və Təl-Əviv məhz bu ehtiyatı ələ keçirməyin yollarını axtarır və bu, növbəti hərbi müdaxiləyə zəmin yaradır. Mövcud etirazlar rejimdə dərhal dəyişikliklərə səbəb olmasa da, bunlar institusional dayaqların sarsılmasına xidmət edir. Uzunmüddətli tendensiyalar isə dini rejimin mövcudluğunu ciddi şəkildə təhlükəyə atır”.
Niyaz Hacıyev
Sfera.az