İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda başlayan etiraz dalğası ölkənin qərb və cənub-qərb bölgələrində qanlı toqquşmalarla müşayiət olunur.  Bildirilib ki, Çaharmahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən silahlı qarşıdurma nəticəsində 30 nəfər yaralanıb, iki nəfər isə itkin düşüb. Məlumata görə, bəzi nümayişçilərin odlu silahdan istifadə etməsi və inzibati binalara hücum çəkməsi vəziyyəti daha da gərginləşdirib.


 


Belə ki, İranda etiraz aksiyalarının səngiməməsi, bu prosesə daha çox sahibkarın qoşulması müşahidə edilir. Bu vəziyyət İran iqtisadiyyatına mənfi təsir edir. 

Bəs Tehran rejimi bu gərginliyə uzun müddət dözə biləcəkmi? 


 


Sfera.az-a mövcud mövzu ilə bağlı münasibət bildirən siyasi şərhçi Ülviyyə Zülfiqar İranda baş qaldıran etirazların əslində təkcə iqtisadi narazılıq deyil, uzun illər yığılıb qalmış problemlərin açıq təzahürü olduğunu deyib. 


 



Şərhçinin sözlərinə görə, valyuta böhranı əhalinin alıcılıq qabiliyyətini sürətlə aşağı salmaqla yanaşı, sahibkarları birbaşa vurur:


 


“Bu təbəqə isə İran cəmiyyətində həm iqtisadi, həm də sosial baxımdan sabitləşdirici rol oynadığı üçün onun etirazlara qoşulması prosesə yeni mərhələ qazandırır. Qərb və cənub-qərb bölgələrində baş verən silahlı toqquşmalar isə vəziyyətin artıq klassik etiraz formatından çıxmağa başladığını göstərir. Bu cür hadisələr rejimi daha sərt tədbirlərə sövq etsə də, eyni zamanda mərkəzin regionlar üzərində nəzarətinin zəiflədiyini göstərir. İran hakimiyyəti indiyədək etiraz dalğalarını əsasən güc yolu ilə nəzarət altına almağa üstünlük verib. Təhlükəsizlik strukturları, İnqilab Keşikçiləri Korpusu və hüquq-mühafizə orqanları rejimin əsas dayaq sütunları olaraq qalır. Güc amilinin uzunmüddətli sosial-iqtisadi narazılığı aradan qaldırmaq potensialı isə məhduddur”.


 


Ü.Zülfiqar iqtisadi müstəvidə vəziyyətin daha həssas olduğunu əlavə edib:


 


“Sanksiyalar, struktur islahatların olmaması, korrupsiya iqtisadiyyatın dayanıqlığını ciddi şəkildə zəiflədir. Sahibkarların etirazlara qoşulması investisiya mühitinin daha da pisləşəcəyinə işarə edir ki, bu da rejimin maliyyə resurslarını daraldır.

İran rejimi qısa və orta müddətdə etiraz dalğasını nəzarətdə saxlaya bilər, lakin iqtisadi böhran dərinləşdikcə sosial narazılığın yenidən və daha sərt formada qayıtması ehtimalı yüksəkdir. Əgər paralel olaraq real iqtisadi islahatlar və dialoq mexanizmləri işə düşməzsə,İran üçün risk qalmaqda olacaq. Beynəlxalq kontekst də nəzərdən qaçırılmamalıdır. İranın xarici siyasət prioritetləri daxildə getdikcə daha çox sual altına düşür. Əhali üçün əsas problem gündəlik yaşayış olduğu halda, xaricdəki geosiyasi ambisiyalara böyük resurs ayrılması narazılığı daha da artırır”.


 


Fidan Hacızadə

Sfera.az