Son dövrlər Qrenlandiyanın geosiyasi əhəmiyyətinin artması Vaşinqtonun bu regionla bağlı mövqeyini yenidən gündəmə gətirib. Arktika bölgəsində hərbi-strateji balans, enerji resursları və Çinlə Rusiya faktorunun güclənməsi ABŞ-ni Qrenlandiya ilə bağlı daha fəal siyasət yürütməyə vadar edir.




Bəs ABŞ Qrenlandiya ilə bağlı hansı yolu seçəcək? Vaşinqtonun mümkün addımları NATO daxilində və Avropa İttifaqı ilə münasibətlərin zədələnməsinə səbəb ola bilərmi? 




Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Kənan Novruzov ABŞ-nin son vaxtlar ortaya qoyduğu ritorikanın müəyyən mənada təəccüb doğurduğunu qeyd edib.




“Düzdür, Vaşinqton tarix boyu dünya ağalığı uğrunda mübarizə aparıb. Amma yaxın keçmişə baxsaq görərik ki, ABŞ Prezidenti Donald Tramp ikinci dəfə prezident seçilməsi ərəfəsində idi. O dövrdə deyirdi ki, planetə sülh gətirəcək, müharibələrə son qoyacaq, özünü “sülh prezidenti” kimi təqdim edirdi. Üstəlik, Nobel Sülh Mükafatına iddialı idi. Belə bir dövlət liderinin, dövlət başçısının indi bir az açıq desək dünyanın canını boğazına yığması, sağa-sola əl uzatması, əlbəttə ki, müəyyən mənada təəccüb doğurur. Amma ikinci tərəfdən etiraf etmək lazımdır ki, ABŞ-nin bu gücü var. ABŞ bu gün dünyada, ən böyük güc sahibidir. Hətta Rusiya və Çin də görürsünüz ki, ABŞ-nin bir çox addımına göz yumur, səssiz qalır. Niyə? Çünki bilirlər ki, müqavimət göstərmək mənasızdır. Bu da ABŞ-yə əlavə stimul verir, onu daha da ürəkləndirir”.


 





Ekspertin sözlərinə əsasən, Qrenlandiya məsələsində isə əsas iki məqam var:




“Birincisi, Çinlə bağlıdır. Çinin həmin ərazidə artan nüfuzu və təsir dairəsi ABŞ-ni narahat etməyə başlayıb. İkincisi isə Qrenlandiyanın yeraltı və yerüstü sərvətlərlə, o cümlədən zəngin nadir torpaq elementləri ilə tanınmasıdır ki, bu da ABŞ-nin diqqətini cəlb edir. ABŞ-nin Qrenlandiya ilə bağlı müxtəlif ideyaları səsləndirilir. Əlbəttə, Qrenlandiya Danimarka ərazisidir, Avropa torpağıdır və ABŞ-nin bu addımları beynəlxalq hüquqa ziddir. Hətta perspektivdə ABŞ hərbi müdaxiləyə əl atsa belə, bu, beynəlxalq hüquqa zidd olacaq. Amma gəlin görək, bu gün beynəlxalq hüquqa əhəmiyyət verən varmı? Onsuz da beynəlxalq hüquq işləmir və biz bunu artıq keçmişdə qalan Qarabağ problemində də görmüşük. Artıq “kim güclüdürsə, o haqlıdır” prinsipi daha çox gündəmdədir. Əlbəttə, ABŞ-nin bu addımları kollektiv Qərb anlayışını dağıdır və ABŞ-ni Avropa ilə üz-üzə qoyur. Hərçənd ki, Tramp hakimiyyətə gəldikdən dərhal sonra ABŞ ilə Avropa arasında ziddiyyətlər yaranmışdı və bu, Rusiya-Ukrayna müharibəsində də özünü göstərdi. Avropa paytaxtları bir mövqedən, ABŞ isə başqa mövqedən çıxış etdi. 

İndi Qrenlandiya ilə bağlı baş verənlər də bu ziddiyyətlərin daha da artdığını göstərir. Ona görə də ABŞ özünə, gücünə inanır və Avropa bu gün ABŞ üçün o qədər də əhəmiyyətli deyil. Əslində, bu başadüşüləndir. Çünki Avropa zəifləyib, çöküb, ayrı-ayrı Avropa ölkələrinin borcu artır. İqtisadi çətinliklər var, müdafiə xərclərinin artırılmasının zəruriliyini özləri də etiraf edirlər. Belə olan halda Avropa ABŞ-yə müqavimət göstərmək gücündə deyil və zəiflədiyi üçün ABŞ üçün artıq o qədər də lazım deyil”.




Bəsti Rəfizadə

Sfera.az