Azərbaycanda 2026-2027-ci tədris ilindən etibarən ümumtəhsil sahəsində yeni model tətbiq olunacaq. Məlumata əsasən, bu çərçivədə ölkənin bir sıra məktəblərində distant tədris elementlərindən istifadə ediləcək.
Yeni mexanizmə əsasən, məktəblərdə müəllim çatışmazlığı olan fənlər distant formatda tədris ediləcək. Məsələn, əgər məktəbdə riyaziyyat müəllimi fəaliyyət göstərirsə, bu fənn ənənəvi qaydada sinif otağında keçiriləcək. Lakin biologiya, fizika, kimya və ya digər fənlər üzrə müəllim olmadıqda, dərslər mərkəzləşdirilmiş məktəblər üzərindən onlayn formatda təşkil olunacaq. Bu məqsədlə müəyyən təhsil müəssisələri “mərkəz məktəb” statusu alacaq. Şagirdlər öz məktəblərini tərk etmədən, mərkəz məktəbdə keçirilən dərslərə distant şəkildə qoşularaq tədris prosesində iştirak edəcəklər. Bu modelin tətbiqi regionlarda müəllim çatışmazlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin bərabərləşdirilməsi məqsədi daşıyır.
Maraqlıdır, müəllim çatışmazlığı olan fənlər üzrə niyə yeni vakant yerlər açılmır? Biologiya, kimya, fizika kimi fənlərin laboratoriya və praktiki hissələri distant formatda necə keçiriləcək?
Bu haqda Sfera.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Azərbaycanda 2026-2027-ci tədris ilindən etibarən tətbiqi nəzərdə tutulan bu model, əslində, mövcud reallığın doğurduğu zərurətdən irəli gəlir. Onun fikrincə, regionlarda bəzi fənlər üzrə müəllim çatışmazlığı illərdir davam edən problemdir və bu boşluq təkcə yeni vakant yerlər açmaqla qısa müddətdə aradan qalxmır:
“Çünki məsələ yalnız vakansiya elanında deyil, həmin vakansiyaya real olaraq müraciət edəcək, bölgəyə gedib uzunmüddətli işləməyə razı olacaq ixtisaslı müəllimin tapılmasındadır. Xüsusilə biologiya, kimya və fizika kimi fənlər üzrə kadrlar daha çox paytaxtda və iri şəhərlərdə cəmləşir, region məktəbləri isə bu baxımdan rəqabət apara bilmir. Yeni model məhz bu bərabərsizliyi minimuma endirmək və şagirdin müəllimsiz qalmasının qarşısını almaq məqsədi daşıyır. Burada distant tədris mexanizmi alternativ yox, keçid və tamamlayıcı həll kimi nəzərdə tutulur. Yəni sistemin əsas hədəfi müəllim hazırlığını və yerləşdirilməsini tamamilə əvəzləmək deyil, kadr problemi həll olunanadək tədrisin fasiləsizliyini təmin etməkdir. “Mərkəz məktəb” modeli vasitəsilə güclü müəllim resursuna malik təhsil müəssisələrinin potensialından digər məktəblər də faydalana biləcək və şagird eyni mövzunu fərqli keyfiyyət səviyyəsində deyil, müəyyən standartlar çərçivəsində mənimsəyəcək”.
Ekspertin sözlərinə görə, laboratoriya və praktiki məşğələlər isə ən həssas və diqqətlə tənzimlənməli məqamlardan biridir:
“Aydındır ki, biologiya, kimya və fizika fənlərinin bütün komponentlərini tam şəkildə distant formata keçirmək mümkün deyil və məqsədəuyğun da sayılmır. Bu səbəbdən praktik dərslərin bir hissəsinin mərhələli şəkildə əyani formada təşkili, region üzrə laboratoriya bazası olan mərkəz məktəblərdə şagirdlərin müəyyən vaxtlarda toplanması və ya mobil laboratoriya mexanizmlərindən istifadə kimi yanaşmalar gündəmə gələ bilər. Eyni zamanda, virtual laboratoriyalar və simulyasiya proqramları ilkin mərhələdə mövzunun qavranılmasına kömək etsə də, onların real təcrübəni əvəz etmədiyi də nəzərə alınmalıdır. Ümumilikdə, bu modelə ya tam müsbət, ya da tam mənfi yanaşmaq doğru olmaz. Əsas məsələ tətbiqin necə icra olunması, müəllimlərin distant tədris bacarıqlarının artırılması, texniki infrastrukturun bərabər səviyyədə qurulması və praktik dərslər üçün çevik mexanizmlərin yaradılmasıdır. Əgər bu şərtlər düzgün tənzimlənərsə, model regionlarda müəllimsiz dərs anlayışını aradan qaldıra və təhsildə imkanlar fərqini müəyyən qədər azalda bilər. Əks halda isə distant tədris yalnız formal xarakter daşıyacaq və gözlənilən nəticəni verməyəcək”.
Bəsti Rəfizadə
Sfera.az