Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsində paylaşımında Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması imkanları müzakirə edilməsi haqqında qeyd edib.


 


Nazir görüşlər çərçivəsində tərəflər arasında ən yaxşı beynəlxalq təcrübələrin bölüşülməsi, Azərbaycanda birgə süni mayalanma mərkəzinin yaradılması imkanları, eləcə də bu sahədə texniki bilik və mütəxəssis potensialının inkişaf etdirilməsi məsələləri müzakirə olunduğunu vurğulayıb.


 


Bununla yanaşı, süd emalı sənayesində dövlət dəstəyi mexanizmləri, investisiya təşviqləri və tənzimləyici çərçivə haqqında ətraflı fikir mübadiləsi aparılıb.


 


Bəs, belə bir mərkəzin yaradılması heyvandarlıqda məhsuldarlığı nə qədər artıra bilər?


 


Sfera.az-a bu haqda açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə əsasən, Azərbaycanda kənd təsərrüfatı sahəsində məsələ çox ciddi və olduqca kritikdir. Onun fikirlərinə görə, Azərbaycanda illərdir süni mayalanma sahəsində işlər görülür:


 



 


“Məcnun Məmmədov süni mayalanma ilə bağlı paylaşımlar edir, amma problem süni mayalanmada deyil. Problem daha dərindir. Azərbaycanda süni mayalanma var, ölkədə mayalanmanı həyata keçirən gənc mütəxəssislər də mövcuddur. Onlar da indi müəyyən qədər bu sahədə təhsil alıb çalışırlar. Onu da deyim ki, hələ keçən əsrin 30-cu illərindən Azərbaycanda həm iribuynuzlu heyvanlarda, həm də xırdabuynuzlu heyvanların süni şəkildə mayalandırılması həyata keçirilir. Belə təcrübə Azərbaycanda kifayət qədər genişdir. Yəni problem süni mayalandırmada deyil, problem heyvanların həvəsə gəlməməsindədir. Heyvanlar normal qidalanmadığı üçün həvəsə gəlmə prosesi gecikir, bəzən isə heç həvəsə gəlmir. Misal üçün, xaricdən gətirilən heyvan 1 ya da 2 bala verir, sonra isə yaxşı qidalanmadığı üçün həvəsə gəlmir. Əgər yem bazası zəifdirsə, əgər heyvanların baş sayı kəskin şəkildə azalırsa, əgər məhsuldarlıq həmin sahədə aşağı düşürsə, bu halda süni mayalandırmanın nə köməyi olacaq? Deyək ki, bir-iki müəssisə var, hansı heyvanları süni mayalandıracaq? Problem kökündən həll olunmalıdır”.


 


Mütəxəssis İsraillə birgə mərkəzin açılması məsələsinin uzun proses olduğunu qeyd edib. O, İsrailin öz heyvandarlıq problemini süni mayalanma yolu ilə həll etmədiyini vurğulayıb:


 


“İsrail yalnız xaricdən cins mal-qara alıb bir neçə il saxlayır, sonra o heyvanları kəsimə verir və yenidən xaricdən cins mal-qara gətirir. Ona görə də onlar il ərzində orta hesabla ölkə üzrə hər inəkdən 12-13 ton məhsul əldə edirlər. Yəni onlar bu məhsuldarlığı süni mayalanma yolu ilə artırmayıblar. Onlar xaricdən ən məhsuldar heyvanları gətirirlər. İsrail və bəzi ərəb ölkələri ən məhsuldar heyvanları seçir, onları daha yüksək qiymətə əldə edirlər. Sonra isə aşağı məhsuldar olan heyvanlar yerdə qalır ki, onu da Azərbaycan və bizim kimi ölkələr alır. O heyvanlar da 1-2 il bala verir və sonra çıxdaş olur. İsrail problemini süni mayalanma yolu ilə həll etməyib. Onlar problemi köklü şəkildə həll edib. Yalnız yüksək məhsuldar heyvanları gətirib bir neçə il həmin heyvanlardan süd əldə edib və yaxud kökəldib məhsul əldə edib, sonra yenisini gətiriblər. Azərbaycanda problem kökündən həll olunmalıdır. Yemlər, qidalanma, məsələsi həll edilməlidir. Heyvan yaxşı qidalanmalıdır ki, həm yaxşı məhsul əldə edilsin, həm də həvəsə gəlsin, bala əldə edilsin”.


 


Bəsti Rəfizadə


Sfera.az