ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Qrenlandiya üzərində nəzarəti ələ keçirməzsə, ada Rusiya və ya Çinin təsir dairəsinə düşə bilər. Onun sözlərinə görə, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir və ölkənin “Qızıl Günbəz” (Golden Dome) adlanan raketdən müdafiə sistemi layihəsində mühüm rol oynayır.
Tramp vurğulayıb ki, Qrenlandiya ABŞ-nin nəzarətində olacağı halda NATO daha güclü və effektiv alyansa çevriləcək. O bu məsələdə alyansın Vaşinqtona dəstək verməsinin vacibliyini də qeyd edib.
ABŞ Avropanı razı sala bilərmi? Razılıq olmazsa, ABŞ adanı hansı yollarla əldə edə bilər və hərbi müdaxilə realdırmı?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Həşim Səhrablı bildirib ki, indiki məqamda Qrenlandiyanın könüllü şəkildə və yaxud da dinc yolla, ABŞ-yə hədiyə edilməsi mümkün görünmür:
“Çünki ada elə bir yerdə yerləşir ki, Arktikada təhlükəsizlik məsələsinin əsas strateji nöqtələrindən biridir. Yəni Qrenlandiyaya kim sahibdirsə, o, Arktikada digər rəqiblərindən nisbətən 1-0 öndə sayılır. Ona görə ki, adadan Arktikaya nəzarət etmək, orada möhkəmlənmək və Arktikanın əsas tərəfinə çevrilmək daha uyğundur. Bunun coğrafi mövqeyi də buna imkan verir. Eyni zamanda, adanın təbii minerallarla zəngin olması iqtisadi cəhətdən də ona sahib olan tərəfə əlavə dividendlər gətirir. Bu kimi səbəblər Qrenlandiya üzərində nüfuz çəkişməsinin artan xətlə davam edəcəyini göstərir. Bu gün ola bilər ki, Çin və Rusiya Qrenlandiya məsələsinə səssiz qalırlar, müdaxilə etmirlər. Ancaq gözləmək olar ki, yaxın gələcəkdə onlar da Arktikada öz mövqelərini itirməmək və gücləndirmək üçün Qrenlandiya məsələsində artıq mövqe bildirən tərəfə çevriləcəklər”.
H.Səhrablı hesab edir ki, Rusiya və Çin də burada beynəlxalq hüquq faktorunu öz maraqlarına uyğun olanda nəzərə almasalar da, məhz Qrenlandiya məsələsində beynəlxalq hüquq mövqeyindən çıxış edəcəklər:
“Onlar tələb edəcəklər ki, ada suveren hüquqa malik olan Danimarkanın tərkibində qalsın və ABŞ-nin tərkibinə keçməsin. Çünki həm Rusiyanın, həm də Çinin Arktikada, ümumiyyətlə isə bütün dünyada bir nömrəli rəqibi ABŞ-dir və onlar istəməzlər ki, ada onun tərkibinə keçsin. Avropa dövlətləri də bunu yaxşı bilirlər. Onlar da yaxşı başa düşürlər ki, ABŞ-nin Qrenlandiyanı ələ keçirməsini nə onun rəqibləri, nə də dostları istəyir. Bəlkə də dostlarından istəyənlər var, amma bu əhəmiyyətli dərəcədə azdır. Ona görə də əksəriyyət ABŞ-nin Qrenlandiya məsələsində zorakılıq və güc tətbiqini istisna edir, daha doğrusu, istəmir. Bu səbəbdən Avropa İttifaqı, mən düşünürəm ki, asanlıqla Qrenlandiyadan imtina etməyəcək və Danimarkanı bütün Avropa olaraq dəstəkləyəcək. Çünki Qrenlandiyanı itirmək faktiki olaraq Avropanın qalan əsas strateji üstünlüklərindən birinin də əldən çıxması, dolayısıyla Avropanın dünya siyasətində əhəmiyyətli dərəcədə geri düşməsi ilə nəticələnə bilər. Məhz bu faktor Avropanın sonuna qədər, hətta lazım olsa belə, güc istifadə etmək bahasına ada uğrunda mübarizəsini davam etdirməsinə əsas yaradır. Ancaq görünən odur ki, ABŞ də adadan imtina etməyəcək və Çinlə Rusiya qarşısında üstünlüyünü itirmək istəmir. Xüsusilə Çinə qarşı artıq ABŞ-nin əlində kartlar azalmaqdadır. Qrenlandiyaya sahib olmaq bu nöqtədə rəsmi Pekinə qarşı ümumi mübarizədə Vaşinqton üçün əlavə üstünlük vəd edir. Təkcə Çinə qarşı deyil, Rusiyaya və hətta Avropanın özünə qarşı da dünya siyasətində birmənalı olaraq ABŞ-nin tək supergüc qalması üçün Qrenlandiya, eləcə də Qrenlandiya kimi digər strateji əhəmiyyətli və zəngin bölgələr ABŞ-yə lazımdır. Bu baxımdan ABŞ öz siyasətini daha da təkmilləşdirəcək, təzyiqlərini artıracaq və yaxın illərin siyasi ab-havası, ABŞ ilə Avropa İttifaqı, eləcə də ABŞ ilə Çin və Rusiya arasında iqtisadi və siyasi rəqabət mühiti ilə yadda qalacaq”.
Fidan Hacızadə
Sfera.az