ABŞ dövlət katibi Marko Rubio və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Tərəflər danışıq zamanı İrandakı kütləvi iğtişaşlar fonunda Vaşinqtonun mümkün hərbi müdaxilə planlarını və koordinasiya məsələlərini müzakirə ediblər.
Rubio və Netanyahu bazar ertəsi baş tutan təmasda ABŞ-nin İrana birbaşa müdaxilə ehtimalını masaya yatırıblar.
Ehtimallar ABŞ-nin İrana birbaşa müdaxiləsi olacağını göstərir. Bu arqument realdırmı? İsrail də İrandakı vəziyyətdən istifadə edərək oraya hücum edə bilərmi?
Sfera.az-a bu haqda açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə əsasən, ABŞ və İsrailin İrana hərbi hücumu birmənalı olaraq istisna edilməsə də, proseslərin gedişi fərqli yanaşmanın tətbiq ediləcəyinin daha yüksək ehtimal olduğunu deməyə əsas verir.
Onun fikrincə, ABŞ-nin Yaxın Şərqə hərbi gəmi göndərməsi, eyni zamanda bu bölgədəki hərbi bazalarını gücləndirməyə çalışması, həmçinin vətəndaşlarını İrandan çıxmağa çağırması kimi addımlar maraqlı nüanslar olaraq önə çıxıb:
“Amma proseslərin gedişi göstərir ki, Tramp hazırki rejimlə işləməkdə maraqlı görünür. Sadəcə nüvə danışıqları ilə bağlı İranın onun lehinə işləyəcək və Vaşinqtonda sionist lobbinin Trampa qarşı təzyiqlərini neytrallaşdıracaq addımlar atmasını zəruri hesab edir. Bu variantın daha çox ehtimal olunduğunu söyləmək üçün əsaslar var. Birincisi, hücum olacağı halda İran ABŞ-nin Yaxın Şərqdəki bazalarını hədəf ala və ABŞ-yə ciddi zərər verə bilər. ABŞ hücum edərsə, bu mütləq baş verəcək. Çünki rejim devrilərsə, mühfizəkarları ciddi problemlər gözləyir. Buna görə də, hücum olacağı halda bölgədə qanlı proseslər qaçılmaz olacaq. Digər tərəfdən, Yaxın Şərqdə İrana bağlı yüz minlərlə radikal qrup var və əgər cihad fətvası verilərsə, o zaman ABŞ-nin ilk növbədə bölgədəki hərbi obyektləri, diplomatik korpusları və şirkətlərinin xilas edilməsi çətin olacaq. Bu da ABŞ-nin daxili ictimai rəyinə ciddi şəkildə təsir edə, Trampı pis vəziyyətə sala bilər. Yəni Maduro əməliyyatı ilə reytinq qazanan, güclü Amerika və güclü Tramp obrazından sonra bu vəziyyətin Trampa mənfi təsir etməsi qaçılmazdır. Bu isə demokratların işinə yarıya və proses hökumətin əleyhinə dəyişə bilər. Hesab edirəm ki, hazırda da İranla ABŞ arasında Türkiyə vasitəsilə pərdəarxası diplomatik danışıqlar aparılır”.
Ekspert ABŞ-nin İranın demokratikləşməsini və güclənməsini arzulamadığını vurğulayıb:
“İran rejiminin mövcudluğu körfəz ölkələrini ABŞ-yə daha çox ehtiyac duyması üçün lazımdır. Amma Trampın istəyi İranın nüvə danışıqlarına getməsi, ABŞ ilə münasibətlərini normallaşdırması və İsrailə Trampa təzyiq kartları verməməsidir. İsrailin İran siyasəti isə ABŞ-dən fərqlənir. Uzun illər ərzində İranın İsraillə bağlı təhdid ritorikası üzərində qurulan siyasət yürütməsi İsrailin sionizmə əsaslanan teokratik hökumətlərinə sərf edib. Yəni bu, İsrailə beynəlxalq ictimai dəstək və limitsiz silahlanma imkanları qazandırıb. Amma Bəşər Əsədin devrilməsindən sonra Yaxın Şərqdə status-kvo dəyişib. Artıq İsrail İranı deyil, Türkiyəni özünə təhdid hesab edir. Yəni İsrailin teokratik rejimlərinə əks düşərgədə olan siyasi təşkilatlar üzərində güc kartları verən “daimi düşmən” rolunu artıq İran deyil, Türkiyə oynayır. Ona görə də, əvvəlki dövrdən fərqli olaraq, artıq İranın ənənəvi siyasəti İsrailə lazım deyil.
Digər tərədən 12 günlük müharibədə də göründü ki, İran ballistik raketlərlə İsrailin “dəmir qübbə”, hava hücumundan müdafiə sistemini yardı və İsrailə böyük zərər verdi. İsrail hesab edir ki, İran artıq sözdə deyil, həqiqi olaraq İsrail üçün təhlkəyə çevrilib. Bu faktorlara görə, İsrail İran daxilində xaotik mənzərənin və vətəndaş müharibəsinin yaranmasında maraqlıdır. İraqdan terrorçu qrupların İran ərazisinə keçməsi və Türkiyə kəşfiyyatı tərəfindən ifşa olunması da bunu təsdiq edir. İsrail İranda xaos və vətəndaş müharibəsinin yaranması ilə Türkiyəni təhdid edən ciddi problemlərin formalaşmasına və onun Suriyada möhkəmlənməsinin qarşısının alınmasına çalışır. Ona görə də ümumi mənzərə bundan ibarətdir və burada istər müttəfiqlər, istərsə də region ölkələri arasında ciddi fikir ayrılıqları var. Bu isə ABŞ-İran arasında pərdəarxası danışıqların davam etdirilməsini daha da aktuallaşdırır. Türkiyə də məhz buna, İranın nüvə danışıqlarında ABŞ ilə əməkdaşlıq etməsinə və risklərin aradan qaldırılmasına çalışır”.
Bəsti Rəfizadə
Sfera.az