Son günlər İran ətrafında cərəyan edən hadisələr qonşu ölkələr üçün də müəyyən risklər yaradır. Əsas risklərdən biri də artan gərginliyin digər ölkələrin iqtisadiyyatlarına mənfi təsir imkanları ilə bağlıdır. 




Azərbaycan da bu baxımdan sığortalanmayıb. İran ətrafında vəziyyətin ağırlaşması bu ölkə ilə ticarət və digər iqtisadi əlaqələrə mənfi təsir edə bilər. 


 


Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2024-cü ildə əvvəlki ilə nisbətən 25 faiz artaraq 647 milyon dollara çatıb. 


 


Onun məlumatına görə, 2023-cü ildə bu göstərici 487 milyon dollar idi:


 


“2025-ci ilin ilk 10 ayında isə ölkələr arasında 510 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2024-cü ildə 647 milyon dollarlıq dövriyyənin 633 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. 2025-ci ilin ilk 10 ayında isə İran ilə olan 510 milyon dollarlıq dövriyyəmizin 502 milyon dolları cənubdan məhsul gətirmək hesabına formalaşıb. Həmin müddətdən cənub qonşumuza sadəcə 8 milyon dollarlıq məhsul ixrac edə bilmişik. Bu isə o deməkdir ki, İranla ticarətdə 502 milyon dollarlıq mənfi saldomuz yaranıb. Bu o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər olarsa bunun Azərbaycan ixracına hər hansı xüsusi təsiri olmayacaq". 


 



 


V.Bayramov söyləyib ki, mövcud vəziyyət pisləşərsə İrandan idxal azalacaq:


 


"Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir. 

Azərbaycan İrandan portağal, təzə və ya qurudulmuş (10.0 milyon dollar), qida üçün yararlı duz, yodlaşdırılmış, digərləri (9.7 milyon dollar), badımcan (7.4 milyon dollar), bibər, o cümlədən capsicum növünün və ya pimenta növünün barı (7.0 milyon dollar), kərə yağı (6.9 milyon dollar), peçenye (6.7 milyon dollar), soğan (6.1 milyon dollar), kartof (5.9 milyon dollar), yerkökü (5.1 milyon dollar), xurma, təzə vəya qurudulmuş (4.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (3.4 milyon dollar), təzə və ya soyudulmuş alabalıq (3.1 milyon dollar), sirkəsiz hazırlanmış və ya konservləşdirilmiş digər pomidorlar (2.6 milyon dollar), kivi (2.4 milyon dollar) və digər ərzaq məhsulları idxal edib. 


Bununla yanaşı, nə qədər təəccüblü görünsə də, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb. Sözügedən müddətdə İrandan azot (68,4 milyon dollar), arqon (48.6 milyon dollar), mərmərin dənəvərləri, qırıntıları və tozu (17.5 milyon dollar), kvarsit (14.5 milyon dollar), abidə və tikinti daşlarının dənəvərləri, qırıntı və tozu (12.3 milyon dollar), ağ portlandsement (8.1 milyon dollar), təbii barium sulfatı (9.4 milyon dollar),hipoxloritlər, xloritlər və hipobromitlər (5.9 milyon dollar), natrium-hidroksid, kaustik soda (5.0 milyon dollar), dinatrium karbonat (4.7 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub.

Göründüyü kimi, İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var”.


 


V.Bayramov nəzərə çatdırıb ki, bütün bunlar ilə yanaşı, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq:


 


"Çünki Azərbaycanın illik idxalının 3, ərzaq idxalının isə cəmi 2,7 faizi İranın hesabına formalaşır. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır".


 


Firuzə Əliyeva

Sfera.az