“Qacarlaq Kırşehir və Yozqat ətrafında yaşayan bir türkmən boyu ikən İrana köç edərək uzun müddət ölkəni idarə ediblər. Bu gün İranda etirazlar davam edərkən, türklərin dövlətə sahib çıxan mövqeyi tarixi yaddaşı yenidən gündəmə gətirib”.
Sfera.az xəbər verir ki, bu sözləri Türkiyəli jurnalist Ömer Duran paylaşıb.
Onun fikirlərinə əsasən, İran tarixən təkcə fars kimliyi ilə deyil, eyni zamanda türk siyasi ənənəsinin həlledici rol oynadığı uzunmüddətli dövlətçilik təcrübəsi ilə formalaşıb:
“Səlcuqlulardan Elxanilərə, Ağqoyunlulardan Səfəvilərə və Əfşarlara qədər uzanan bu xəttin son böyük halqalarından biri də Qacar sülaləsi olub. Qacarlar yalnız İranı idarə edən bir sülalə deyil, eyni zamanda Anadolu türkman sosial quruluşunun İran dövlət sisteminə daşınmasının konkret nümunəsi kimi tarixə düşüblər. Tarixi mənbələr Qacarların Oğuz-türkmən boylar birliyinə mənsub olduğunu və Osmanlı dövründə Orta Anadoluda, xüsusilə Kırşehir və Yozqat ətrafında yaşayan köçəri türkmən icmaları arasında yer aldıqlarını göstərir. Həmin dövrdə Osmanlı-Səfəvi rəqabəti sərhəd bölgələrindəki türkmən ünsürlərinin İran coğrafiyasına yönəlməsinə zəmin yaradıb və Qacarlar da bu dalğa çərçivəsində İranın şimalına köçərək orada məskunlaşıblar”.
Ö.Duran zamanla hərbi və inzibati bacarıqları ilə ön plana çıxan Qacarların, XVIII əsrin sonlarında mərkəzi hakimiyyətin zəiflədiyi İranda hakim gücə çevrilmiş və Ağa Məhəmməd xan Qacar ilə birlikdə dövlətin başına keçdiklərini qeyd edib:
“Beləliklə, Anadolu mənşəli bir türkmən boyu İran taxtına oturub. Bu hal İranda türk dövlətçilik ənənəsinin davamlılığını bir daha təsdiqləyib. İranın təxminən min ilə yaxın bir müddətdə fasiləsiz şəkildə türk mənşəli sülalələr tərəfindən idarə edilməsi tarixi bir faktdır. Bu dövr təkcə hərbi üstünlüklə məhdudlaşmayıb: dövlət təşkili, vergi sistemi, torpaq quruluşu və ordu strukturu türk-islam siyasi ənənəsi istiqamətində formalaşıb. Qacarlar dövrü də bu baxımdan mərkəzləşdirilmiş dövlət anlayışı, güclü bürokratiya və cəmiyyət daxilində tarazlıq yaratmaq cəhdi ilə seçilib. Hərçənd XIX əsr qlobal güc balanslarının dəyişdiyi və İranın xarici təzyiqlərlə üzləşdiyi bir mərhələ olub, Qacarlar hakimiyyəti dövründə İran daxili bütövlüyünü qoruyan, etnik və məzhəbi müxtəlifliyi dövlət çətiri altında saxlamağa çalışan siyasi quruluş nümayiş etdirib. Bu gün İranda baş verən ictimai etirazlar müxtəlif tələblər və sosial -iqtisadi amillər üzərindən formalaşır. Lakin bu prosesdə diqqət çəkən məqamlardan biri, başda Azərbaycan türkləri olmaqla İran türklərinin dövlətin bütövlüyünə və institusional quruluşuna sahib çıxan mövqeyidir. Bu yanaşma yalnız cari siyasi seçimlərlə izah edilə bilən refleks deyil. Əksinə, İranın qurucu və daşıyıcı ünsürlərindən biri olmaq şüuru tarixi yaddaşda dərin yer tutur. Qacarlar kimi sülalələr vasitəsilə dövlət idarəçiliyində söz sahibi olmuş türk icmaları üçün “dövlət” xarici bir hakimiyyət deyil, bilavasitə qurulmuş və qorunmuş bir struktur kimi qəbul edilir”.
Türkiyəli jurnalistin fikrincə, İran türklərinin bu gün nümayiş etdirdiyi mövqe tarixi davamlılığın müasir siyasətə əks olunmasıdır:
“Kırşehir və Yozqat çöllərindən İrana uzanan Qacar hekayəsi təkcə bir sülalənin yüksəlişi deyil, türklərin İran coğrafiyasındakı qurucu rolunun konkret ifadəsidir. Bu səbəbdən İrandakı etirazlar fonunda türk icmalarının dövlət institutlarına münasibəti təkcə cari hadisələrlə deyil, yüzillərə yayılan ortaq dövlətçilik təcrübəsi və siyasi aidiyyət şüuru ilə birlikdə dəyərləndirilməlidir. Qacarlar dövründə olduğu kimi bu gün də İranda türklər dövləti zəiflədən deyil, onu ayaqda saxlayan tarixi aktorlardan biri olmağı davam etdirirlər”.
Bəsti Rəfizadə
Sfera.az