Avropanın Vaşinqtonun Qrenlandiyanı zorla əldə etməsinə gizli və ya səssiz razılığı Kiyev üçün “fəlakətli siqnal” ola bilər və Avropa İttifaqını həm geosiyasi aktor, həm də Ukraynanın etibarlı müttəfiqi kimi nüfuzdan sala bilər.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Bəs Avropanın ABŞ-nin Qrenlandiya ilə bağlı mümkün güc tətbiqinə göz yumması Ukrayna üçün hansı real siyasi və təhlükəsizlik risklərini yarada bilər?
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Avropanın Vaşinqtonun Qrenlandiya ilə bağlı iddialarına kifayət qədər sərt reaksiya verməməsi beynəlxalq siyasi müstəvidə ciddi suallar doğurur.
Onun sözlərinə görə, Britaniyanın The Guardian qəzetinin də vurğuladığı kimi, Avropanın ABŞ-nin Qrenlandiyanı zorla əldə etməsi ehtimalına səssiz yanaşması Kiyev üçün “fəlakətli siqnal” kimi qiymətləndirilə bilər:
“Bu yanaşma təkcə Ukraynanın təhlükəsizliyi baxımından deyil, həm də Avropa İttifaqının geosiyasi subyekt kimi etibarlılığı üçün risklidir. Qrenlandiya Arktikada strateji mövqeyə malikdir və onun taleyi beynəlxalq hüquq və suverenlik prinsipləri ilə birbaşa bağlıdır. ABŞ-nin bu məsələyə açıq və ya dolayı təzyiq aləti kimi yanaşması presedent yaradır və göstərir ki, böyük güclər öz maraqları naminə müttəfiqlərin və zəif aktorların ərazilərinə iddia edə bilər. Bu isə Ukrayna üçün təhlükəli siqnaldır, çünki Kiyev uzun müddətdir ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanaraq beynəlxalq dəstək tələb edir. Avropa İttifaqı Qrenlandiya məsələsində ABŞ ilə açıq qarşıdurmadan yayınarsa, dolayısı ilə belə bir mesaj yaranır ki, geosiyasi reallıqlar hüquqi prinsiplərdən üstün tutulur. Bu, Ukraynanın mövqeyini zəiflədən və Rusiyanın arqumentlərini gücləndirən psixoloji və siyasi fon yaradır. Əsas risk isə Qərbin vahid və prinsipial mövqeyinin aşınmasıdır”.
Politoloq qeyd edib ki, bununla belə, Avropanın davranışını tam mənada “səssiz razılıq” kimi qiymətləndirmək düzgün olmazdı:
“Avropa İttifaqı və ayrı-ayrı Avropa liderləri Qrenlandiyanın suverenliyinə dair rəsmi bəyanatlar veriblər və bu bəyanatlarda zorla əldə etmə ideyası rədd edilir. Problem isə ritorikanın praktik siyasətlə uzlaşmamasındadır. Avropa ABŞ ilə strateji tərəfdaşlığı, NATO çərçivəsində təhlükəsizlik asılılığını və Ukraynaya dəstəkdə Vaşinqtonun rolunu nəzərə alaraq daha ehtiyatlı davranır. Bu ehtiyatlılıq isə Avropa İttifaqının geosiyasi aktyor kimi zəif görünməsinə səbəb olur. Əgər Aİ prinsipial məsələlərdə balanslaşdırıcı və qeyri-müəyyən mövqe sərgiləyirsə, onun Ukrayna kimi tərəfdaşlara verdiyi təhlükəsizlik zəmanətlərinin inandırıcılığı sual altına düşür. Qrenlandiya məsələsi təkcə Arktika ilə bağlı deyil, həm də beynəlxalq nizamın necə işlədiyini və güc ilə hüquq arasında hansı tərəfin üstün tutulduğunu göstərən sınaqdır. Avropanın tərəddüdü isə Ukrayna üçün real siyasi və təhlükəsizlik riskləri yaradan mənfi presedent formalaşdırır”.
Niyaz Hacıyev
Sfera.az