AZAL-ın 2024-cü ilin sonunda ümumi öhdəlikləri 802 milyon manata düşüb. 


 


Sfera.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) 2024-cü il üzrə maliyyə hesabatında qeyd olunub.


 


Qeyd edək ki, əvvəlki illərdə bu rəqəm 3 milyard manatdan çox idi. 


 


İlk baxışdan bu, uğurlu borc idarəçiliyi kimi görünür. Rəqəmlər ilk baxışdan ciddi maliyyə sağlamlaşması təəssüratı yaradır. Lakin hesabatın detalları bu “müsbət dinamika”nın arxasında tamamilə fərqli bir mənzərəni ortaya qoyur.


 


Belə ki, öhdəliklərin kəskin azalması AZAL-ın borclarını real maliyyə axınları hesabına bağlaması ilə deyil, dövlətin birbaşa müdaxiləsi nəticəsində baş verib. Hesabatdan aydın olur ki, borcların mühüm hissəsi dövlət tərəfindən üzərinə götürülüb, bir sıra kreditlər isə kapitala çevrilib. Yəni söhbət borcun silinməsindən yox, sadəcə borcun ünvanının dəyişdirilməsindən gedir.


 


Başqa sözlə desək, AZAL-ın balansında borc yükü azalsa da, bu yük faktiki olaraq dövlətin, daha dəqiq desək, vergi ödəyicilərinin üzərinə keçir. Bu isə maliyyə hesabatlarında “sağlamlaşma” kimi görünən göstəricinin real iqtisadi məzmununun xeyli zəif olduğunu göstərir.


 


Maliyyə baxımından bu addım qısamüddətli dövrdə AZAL üçün nəfəs alma imkanı yaradır. Şirkətin balansı yüngülləşir, kredit qabiliyyəti kağız üzərində yaxşılaşır və maliyyə riskləri azalmış kimi təqdim olunur. Lakin məsələ burasındadır ki, sistemli problemlər - səmərəsiz idarəetmə, yüksək xərclər, qeyri-rentabelli marşrutlar və şəffaflıq çatışmazlığı olduğu kimi qalır.


 


Borcların bu formada “azaldılması” davamlı maliyyə islahatı demək deyil. Əksinə, bu cür mexanizmlər dövlət şirkətlərində məsuliyyət hissini zəiflədir və “zərər olsa da, dövlət xilas edəcək” yanaşmasını möhkəmləndirir. Nəticədə risklərin idarə olunması şirkət daxilində deyil, dövlət büdcəsi səviyyəsində cəmləşir.


 


Daha bir vacib məqam isə ondan ibarətdir ki, bu yanaşma uzunmüddətli perspektivdə dövlət büdcəsi üçün əlavə fiskal risklər yaradır. Büdcə vəsaitlərinin sosial sahələrə, infrastruktur layihələrinə və ya real sektorun inkişafına yönəldilə biləcəyi bir şəraitdə, həmin vəsaitlərin dövlət şirkətlərinin borc yükünün “gizli şəkildə” örtülməsinə sərf olunması suallar doğurur.


 


Beləliklə, AZAL-ın maliyyə hesabatında görünən borc azalması real iqtisadi dönüş nöqtəsi yox, daha çox mühasibatlıq manevri təsiri bağışlayır. Əgər struktur islahatlar aparılmadan, idarəetmədə və xərclər siyasətində köklü dəyişikliklər edilmədən bu praktika davam edərsə, bugünkü “balans möcüzəsi” sabah dövlət üçün daha ağır maliyyə yükünə çevrilə bilər.


 


Həmçinin, 2024-cü ildə “Azərbaycan Hava Yolları” QSC-nin ümumi gəlirləri ilk dəfə olaraq 2 milyard manat həddini keçib. Maliyyə hesabatına əsasən, şirkətin il üzrə ümumi gəlirləri 2 milyard 26 milyon manata yaxın olub. Bu artım əsasən sərnişin və yük daşımalarının həcminin genişlənməsi hesabına baş verib.


 


Hesabata görə, AZAL-ın əsas fəaliyyət istiqaməti olan daşımalardan əldə olunan gəlirlər 1 milyard 954 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Rəsmi sənəddə bu dinamika beynəlxalq uçuşların sayının və tranzit daşımaların artması ilə izah olunur.


 


Lakin gəlirlərin artımı ilə paralel olaraq xərclərin də kəskin şəkildə yüksəldiyi görünür. Belə ki, 2024-cü ildə, yanacaq xərcləri 456 milyon manatdan çox olub və bu, AZAL-ın ən böyük xərc maddələrindən birinə çevrilib. İşçi heyəti üzrə xərclər 250 milyon manatı keçib ki, bu da əvvəlki ilə nisbətən ciddi artım deməkdir. Texniki xidmət və təmir xərcləri təxminən 180 milyon manat səviyyəsində formalaşıb. Amortizasiya və əsas vəsaitlərin köhnəlməsi üzrə xərclər isə 200 milyon manata yaxın olub.


 


Nəticədə, şirkətin ümumi gəlirləri artsa da, əməliyyat xərclərinin yüksək tempi AZAL-ın maliyyə modelinin hələ də xərclərə həssas olduğunu göstərir. Bu tendensiya gələcək illərdə yanacaq qiymətləri və uçuş bazarında mümkün dalğalanmalar fonunda AZAL üçün əlavə risklər yarada bilər.


 


Altay


Sfera.az